DÜNYA
ARXEOLOQLAR “ASARHADDONUN VASSAL MÜQAVİLƏSİ”NİN ŞİFRİNİ AÇMIŞLAR
Bakı, 10 aprel (AZƏRTAC). Toronto Universitetinin alimləri 2009-cu il avqust ayında Türkiyənin cənub-şərqindəki qədim Tell-Tayinat adlanan yerdə qədim məbəddə qazıntılar zamanı aşkar edilmiş gil cədvəllər üzərindəki yazının sirrini açmağa nail olmuşlar. “Science Daily” nəşri qazıntı işlərinin rəbhəri professor Timoti Harrisona istinadla xəbər vermişdir ki, həmin cədvəldə Assuriya çarı Asarhaddon (eramızdan əvvəl təqribən 680-669-cu illər) ilə yerli hökmdarlardan biri arasında müqavilənin mətni yazılmışdır. Bu hökmdar Asarhaddonun ali hakimiyyətini tanımış və gələcəkdə onun oğlu Aşşurbanipalın da hakimiyyətini tanımağı öhdəyə götürmüşdür.
Hər biri 650 sətirdən ibarət olan 43x28 santimetr ölçülü bu cədvəllər toplusu “Asarhaddonun vassal müqaviləsi” adı almış və bizim eradan əvvəl VII əsrdə yeni Assuriya çarlığında siyasi vəziyyət barədə mövcud təsəvvürləri təsdiqləmişdir (bununla əlaqədar əsas yazılı mənbələrdən biri Əhdi-ətiqdir). Asarhaddon yerli hökmdarları onun varisinin hakimiyyətini qabaqcadan tanımağa məcbur etməklə tayfa davalarından yaxa qurtarmağa çalışırdı, çünki Asarhaddon özü atasının ölümündən sonra hakimiyyətə məhz bu cür tayfa davaları nəticəsində gəlmişdi.
“Vassal müqaviləsi” eramızdan əvvəl 672-ci ildə təntənəli şəkildə bağlanmışdır. Assuriya imperiyasının çox hissəsi – indiki Fələstin, indiki Türkiyənin cənub-şərqi, Dəclə və Fərat çayları arasındakı ərazi və indiki İranın qərb vilayətlərinin bir qismi Aşşurbanipalı Asarhaddonun varisi kimi tanımışdır. Yalnız Babilistan müqavimət göstərirdi və sonralar Asarhaddon Babilistana müstəqillik verməyə məcbur olmuşdur.
Professor Harrison vurğulamışdır ki, müqavilənin mətni hələlik tam bərpa edilməmiş və tam açıqlanmamışdır, çünki kövrək gil cədvəllər parçalanaraq yüzlərlə hissəyə bölünmüşdür. Harrisonun fikrincə bu işin başa çatdırılması üçün hələ bir neçə ay vaxt lazımdır.