BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib
Vaşinqton, 29 may, AZƏRTAC
Mayın 28-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin yüksək vəzifəli rəsmiləri, üzv dövlətlərin BMT yanında daimi nümayəndələri və diplomatlar iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edən BMT Baş Katibinin Kabinet rəhbəri Kortni Rettrey Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və qəbulda iştirak etməkdən məmnunluğunu dilə gətirib. O bildirib ki, Azərbaycanın kimliyi qitələrin və sivilizasiyaların kəsişməsində, ideyaların, mədəniyyətlərin və ənənələrin əsrlər boyu bir-birinə qarışdığı yerdə formalaşıb.
Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev bildirib ki, 108 il əvvəl yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay mövcud olsa da, onun irsi milli qürur və ilham mənbəyi kimi qalmaqdadır. O, əlavə edib ki, Azərbaycan Müstəqillik Gününü ərazi bütövlüyünü tam bərpa edən və regionda davamlı sülh və davamlı inkişaf üçün fəal şəkildə çalışan bir ölkə kimi ardıcıl olaraq üçüncü ildir qeyd edir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının hazırkı 80-ci sessiyasının ümumi müzakirələrindəki çıxışına istinad edərək bildirib ki, Azərbaycanın vizyonu beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanır.
Səfir deyib ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən və növbəti il BMT-yə qoşulduqdan bəri, Azərbaycan təşkilatın Nizamnaməsinin məqsəd və prinsiplərinə qətiyyətlə sadiq qalıb. Onun sözlərinə görə, Azərbaycan Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, ECOSOC və İnsan Hüquqları Şurasının üzvü qismində təşkilata fəal şəkildə töhfə verib.
Tofiq Musayev bildirib ki, Azərbaycanın BMT-nin məqsəd və prinsiplərinə sadiqliyinin daha bir inandırıcı təsdiqi hökumətimiz tərəfindən güclü akademik və praktik təcrübəyə malik mütəxəssislərin 2027-2030-cu illər üçün İnsan Hüquqları Komitəsi, 2027-2031-ci illər üçün Uşaq Hüquqları Komitəsi və 2027-2030-cu illər üçün Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğvi Komitəsinə üzvlük üçün namizəd göstərilməsidir. O, gələn ay Nyu-Yorkda keçiriləcək üç seçkidə hər kəsin dəstəyinə ümid etdiyini bildirib.
Tədbirin mədəni hissəsində Nyu-Yorkda yerləşən “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzi tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilib, azərbaycanlı musiqiçilər Röya və Rizvanın ifasında milli musiqi nümunələrini səsləndirilib və qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.