REGİONLAR
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Amerika guşəsi” açılıb VİDEO
Şəki, 15 mart, Mustafa Dadaşov, AZƏRTAC
Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Amerika guşəsi”nin açılışı olub. Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova, ADPU-nun prorektoru Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, ADPU-nun Şəki filialının direktoru Rafiq Rəsulov, filialın müəllim və tələbələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ADPU-nun prorektoru Eldar Aslanov və şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək, mərkəzin açılmasının filialın həyatında əlamətdar hadisə olduğunu bildirib, əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Mərasimdə çıxış edən səfir Örl Litzenberqer deyib: “Amerika guşələri və xalqlarımız arasında əlaqələrimiz Azərbaycan vətəndaşları ilə münasibətlərimizin təməl daşıdır. Burada görəcəyimiz iş - ingilis dili proqramları, gənclərin cəlb edilməsi, iş və təcrübə artırılması üzrə kurslar insanların həyatında müsbət fərq yaradacaq. İngilis dili dünyaya, daha zəngin həyata və yaxşılaşdırılmış məşğulluq perspektivlərinə körpüdür. Dünyanın daha çox hissəsi şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi haqqında öyrəndikcə, turistlərin sayı artacaq. Biz yerli əhaliyə turizm biznesinin genişlənməsindən faydalanmağa və onun idarə etməsinə kömək etmək məqsədi ilə Şəki gənclərinə məktəbdənkənar ingilis dili təlimini təklif edirik”.
Səfir bu il Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyinin tamam olduğunu qeyd edərək, ötən illər ərzində ölkələrimizin qarşılıqlı əməkdaşlığından məmnunluğunu bildirib.
Guşənin açılışını bildirən lent kəsildikdən sonra mərasim iştirakçıları yaradılan şəraitlə yaxından tanış olublar.