REGİONLAR
Azərbaycan Texnologiya Universiteti “TEKNOFEST” Festivalına hazırlaşır
Gəncə, 8 fevral, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (UTECA) Azərbaycanda keçiriləcək “TEKNOFEST” Festivalına qeydiyyat və iştiraka dair məsələlər müzakirə edilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müzakirələr zamanı UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, türk brendi olan “TEKNOFEST” bu il mayın 26-29-da ölkəmizdə baş tutacaq. Bu festivalın Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsinin iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğunu qeyd edən rektor iclas iştirakçılarına bütün dünyanın diqqət mərkəzində olacaq festivala hazırlaşdıqlarını xatırladıb.
Sonra təqdim ediləcək məhsullarla bağlı ətraflı məruzələr edilib. Məhsullar sırasında 4-cü kurs tələbələrinin müəllifi olduğu günəş enerjisi ilə çalışacaq hibrid avtomobil, minaaxtaran robotlar, ağıllı parkinqlər, tullantılardan istifadə və sair olub. Detalların müzakirəsi zamanı rektor startaplarda işğaldan azad olunan torpaqların dirçəldilməsi istiqamətində tətbiq olunacaq “ağıllı” ideyalara üstünlük verilməsinin vacibliyinə diqqət çəkib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq “TEKNOFEST” Festivalına tələbələr “Baku Skills” yarışmasında “B” kateqoriyası üzrə qatılacaqlar.