REGİONLAR


Azərbaycan ilk dəfə Polşaya alüminium profil ixrac edib

Bakı, 23 aprel, AZƏRTAC

Sumqayıt Texnologiyalar Parkı (STP) ilk dəfə Polşaya alüminium profil məhsulları ixrac edib.

STP-dən AZƏRTAC-a bildirilib ki, satışla bağlı ilkin danışıqlar bu ilin yanvarından başlayıb və martın sonlarında sifarişçi şirkətə test məhsullar yola salınıb. Məhsullar beynəlxalq standartlara uyğun olduğu və keyfiyyət sınaqlarını keçdiyi üçün müştəri ilkin olaraq 20 ton məhsul sifariş verib. İxrac olunan məhsullar standart qəlibli alüminium profillərdən ibarətdir.

Növbəti aylarda Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının həcminin artacağı gözlənilir. Belə ki, hazırkı müştəri topdansatış şirkətidir və əməkdaşlıq etdiyi şirkətlərə də nümunələr göndərib. Nümunəni əldə etmiş şirkətlər də Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi məhsullara ciddi maraq göstəriblər.

İxrac olunan ölkə Polşa olsa da, sifarişçi tərəf Avstriya şirkətidir. Avstriya alüminium profil ticarətində Almaniya və Danimarka ilə yanaşı, Avropanın lider ölkələrindəndir. Digər Avropa ölkələri alüminium profil məhsullarını bu ölkələrin vasitəsilə əldə edirlər. Azərbaycanın ən böyük sənaye kompleksi olan STP isə hazırda hər 3 dövlət ilə aktiv şəkildə alüminium profil satışı üzrə əlaqələr qurur. Texnopark Polşadan əvvəl Danimarkaya bir neçə dəfə alüminium profil məhsulları ixrac edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.