RƏSMİ XRONİKA


Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü YENİLƏNİB VİDEO

Bakı, 11 mart, AZƏRTAC 

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulandı, Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərlərinin mütəmadi həyata keçirildiyi qeyd olundu. Türkmənistan Prezidentinin səfəri çərçivəsində 20-yə yaxın sənədin imzalanacağı, Azərbaycan Respublikası Prezidentinin 2018-ci ildə Türkmənistana səfəri zamanı 20-dən artıq ikitərəfli sənədin imzalandığı vurğulandı və bununla da ikitərəfli müqavilə-hüquq bazasının genişləndiyi bildirildi. Azərbaycan və Türkmənistan xalqlarının ortaq etnik kökə, mədəniyyətə və ənənələrə malik olduqları vurğulandı.

Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi təsisatlarda sıx əməkdaşlıq etdiyinin vurğulandığı görüşdə diqqətə çatdırıldı ki, ölkələrimiz daim bir-birlərinin təşəbbüslərinə dəstək göstərirlər.

Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin və nəqliyyat daşımalarının artması məmnuniyyətlə qeyd olundu.

Söhbət zamanı Xəzər dənizinin Azərbaycan və Türkmənistanı birləşdirən məkan olduğu bildirildi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyəti vurğulandı.

Görüş çərçivəsində enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin