SİYASƏT


Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycanın Xarici İşlər nazirinin təşəbbüsü ilə Ceyhun Bayramov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov rusiyalı həmkarına regionda son gərginliklə bağlı məlumat verib. O, oktyabrın 14-ü gecə saat 1-də və daha sonra səhər saat 8-də Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonu ilə sərhəd olan ərazidə öz raket sistemlərinin Azərbaycan ərazisini atəşə tutmaq məqsədilə hazırlıq vəziyyətinə gətirildiyi və Azərbaycan Silahlı Qüvvələrinin legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv etdiyi Sergey Lavrovun diqqətinə çatdırılıb.

Nazir Azərbaycan Silahlı Qüvvələrinin özünümüdafiə hüququ çərçivəsində və öz mülki əhalisini müdafiə etmək məqsədilə, eləcə də mülki əhaliyə, Gəncə və Mingəçevir şəhərləri daxil olmaqla, mühüm əhəmiyyət kəsb edən infrastruktura Ermənistan tərəfindən həyata keçirilmiş sonuncu raket hücumu nəzərə alınaraq hərəkət etdiyini vurğulayıb. Beləliklə, növbəti insan faciəsinin qarşısı alınıb və çox sayda azərbaycanlı mülki şəxsin həyatı xilas edilib.

Nazir vəziyyətin gərginləşməsi ilə bağlı məsuliyyətin tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Xarici İşlər naziri Sergey Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə edib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.