İQTİSADİYYAT
Bakı Avtovağzalı üçün yeni layihə hazırlanıb
Bakı, 21 iyun, Elvin Camalov, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzal Kompleksi üçün layihə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi üçün nəzərdə tutulan “Nəqliyyat qovşağı” layihəsi tezliklə əhalinin istifadəsinə veriləcək. Layihə çərçivəsində bir sıra yeniliklər tətbiq olunacaq. Bunlara şəhərlərarası sərnişindaşımalarında dispetçer mərkəzinin yaradılması, vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası, şəhərlərarası və beynəlxalq sərnişindaşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi, tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili, nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması daxildir.
Həmçinin layihəyə əsasən heç bir yerüstü piyada zolağından istifadə edilməməsi, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi, Lökbatan dairəsinə daxil olmaq üçün avtonəqliyyat vasitələrinin Biləcəri dairəsinə daxil olmasının qarşısı alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılması da nəzərdə tutulub.