İDMAN


Bakıda beynəlxalq karate turnirinin açılış mərasimi olub

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində əvvəlcə iştirakçı komandaların paradı olub.

Azərbaycanın dövlət himni səsləndirildikdən və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra turnirin baş hakimi Cahangir Babayev yarışı açıq elan edib.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov idmançıların ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda digər idman növləri kimi, karatedə də inkişaf müşahidə olunur. İdmanın bu növü 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov karateçilərimizin uğurlarından danışıb. Vurğulayıb ki, Azərbaycan dünya karatesinə Rəfael Ağayev kimi güclü idmançı bəxş edib. Əminik ki, bütün titullara sahib olan Rəfael Ağayev Olimpiya medalı ilə də bizi sevindirəcək. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Yaşar Bəşirov turnir iştirakçılarına uğurlar arzulayıb.

Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev turnirin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, turnir təkcə Albert Aqarunovun deyil, bütün şəhidlərimizin və Milli qəhrəmanlarımızın xatirəsinə həsr olunub. Azərbaycandakı tolerantlıq, dinlərarası əməkdaşlıq və qarşılıqlı hörmət modeli digər ölkələr üçün nümunədir.

Albert Aqarunovun döyüş yolundan danışan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan idmançılarının qazandığı nailiyyətləri yüksək qiymətləndirib.

Vurğulayıb ki, idman sahəsində əldə olunan uğurlara görə Azərbaycan digər ölkələrə nümunədir. Respublikamızda idmanın inkişafı üçün hər cür şərait var. Həmçinin beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. Bütün bunlar ölkəmizdə aparılan uğurlu idman siyasətinin bariz nümunəsidir.

Digər çıxış edənlər Milli Qəhrəmanla bağlı xatirələrini danışıb, turnir iştirakçılarına uğurlar arzulayıblar.

Sonra turnirin təşkil olunmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Milli Karate Federasiyası və Bakı Dağ Yəhudiləri Dini İcması tərəfindən bir qrup şəxsə fəxri diplomlar təqdim olunub.

Açılış mərasimi konsert proqramı ilə başa çatıb.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 10-dək ölkədən idmançılar iştirak edirlər.

Qara dəniz və Xəzəryanı ölkələr arasında keçirilən xatirə turnirində beş yaşdan yuxarı karateçilər mübarizə aparırlar.

İyunun 23-də yekun vurulacaq turnirdə fərqlənən idmançılara fərdi yarışlarda medal və diplom, komanda çıxışlarında isə kubok təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.