İQTİSADİYYAT
Dövlət Neft Fondunda təcrübə proqramı başa çatıb
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən gənc peşəkarların yetişdirilməsi və ölkənin insan kapitalının formalaşdırılmasına töhfə vermək məqsədilə görülən işlər çərçivəsində ötən ay Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan-Fransız Universiteti kimi partnyor universitetlərlə birgə işbirliyi əsasında təşkil olunan “Təhlilçi Məzun” təcrübə proqramı başa çatıb.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramı çərçivəsində iştirakçılar Fondun İnvestisiya, Risklərin idarə edilməsi, Neft kontraktları, Büdcə proqnozlaşdırması və layihələr, Hesablaşmalar, Təhlükəsizlik, İnsan resursları və Hüquq departamentlərində real iş mühitində mentorlarla birlikdə əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktiki bilik və vərdişlər qazanıblar.
Proqramının bağlanış və təltif mərasimi Fondun rəhbər heyətinin nümayəndələri, struktur bölmə rəhbərləri və mentorların iştirakı ilə yüksək əhval-ruhiyyədə keçib.
Bağlanış mərasimində çıxış edən mentorlar gənc təcrübəçilərə xidmətlərinə görə təşəkkür edib, onların gələcək karyeralarına dair öz tövsiyələrini veriblər.
Proqram ilə bağlı təəssüratlarını bölüşən iştirakçılar çıxışlarında Fondda əldə etdikləri bu unikal təcrübənin onlara qazandırdığı dünya görüşü, yeni inkişaf imkanları barədə danışıblar.
Təcrübəçiləri sertifikatla təltif edən ARDNF-in İcraçı direktorunun müşaviri, Nərgiz Nəsrullayeva-Müdüroğlu onlarla öz şəxsi təcrübəsini paylaşaraq vurğulayıb ki, maliyyə sektorunda uğur qazanmaq üçün yalnız texniki biliklər kifayət deyil, emosional zəka, ünsiyyət, danışıqlar aparmaq, liderlik kimi bacarıqlar da olduqca böyük əhəmiyyət kəsb edir.