ELDAR ŞAMI DÖVLƏT TƏBİƏT QORUĞUNA DİQQƏT ARTIRILMALIDIR
Qoruqda görülən işlərin vəziyyəti ilə tanış olmaq məqsədi ilə respublika ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu günlərdə Samux rayonunda olmuşdur.
Ərazi ilə tanışlıqdan əvvəl nazir ümummilli liderimiz Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət etmiş, önünə tər qərənfillər qoyaraq ulu öndərə ehtiramını bildirmiş, Heydər Əliyev muzeyini gəzmişdir. Sonra nazir Eldar şamı Dövlət Təbiət Qoruğuna getmiş, burada tikilmiş yeni inzibati bina ilə tanış olmuşdur. Binanın otaqlarını gəzən nazir laboratoriyanın iş prinsipi ilə maraqlanmışdır.
Kütləvi informasiya vasitələri nümayəndələrinə müsahibə verən Hüseynqulu Bağırov bildirmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Eldar şamı meşələri bir çox xarici və yerli tədqiqatçı alimlərin diqqətini cəlb etmişdir. Nadir keyfiyyətləri ilə dünyada yeganə olan, quraqlığa və şaxtaya davamlı olan bu ağac növü təbiətin insanlara bəxş etdiyi ən gözəl nemətlərdəndir. Ölkəmizin başçısının haqlı olaraq bu ərazinin qorunması və öyrənilməsi məqsədi ilə verdiyi sərəncam yüksək qiymətləndirilməlidir.
Ərazini gəzən nazir Hüseynqulu Bağırov bundan sonra görüləcək işlərə dair bir sıra tapşırıqlar vermişdir.