MƏDƏNİYYƏT
Elza İbrahimova iki xalqın qızıdır
Moskva, 27 fevral, AZƏRTAC
Azərbaycan ilə Dağıstan arasında mehriban qonşuluq münasibətlərinin və çoxəsrlik mədəni əlaqələrin möhkmlənməsinin müstəsna əhəmiyyətini, həmçinin bəstəkar Elza İbrahimovanın Dağıstan qarşısında xidmətlərini nəzərə alaraq Mahaçqalada onun xatirəsinin əbədiləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Samur” Ləzgi Mədəniyyət Mərkəzinin sədri İmran Rzayev “Daqestanskaya Pravda” qəzetinin redaksiyasına göndərdiyi məktubunda belə bir təklif irəli sürüb.
Qəzet İmran Rzayevin görkəmli bəstəkar, Azərbaycanın və Dağıstanın Xalq artisti Elza İbrahimovaya həsr edilmiş “İki xalqın qızı” sərlövhəli məqaləsini dərc edərək yazır ki, azərbaycanlıların və dağıstanlıların bir neçə nəsli klassik musiqiçi, novator, beynəlmiləlçi və vətənpərvər bir insan olan Elza İbrahimovanın musiqisinin sədaları altında böyüyüb. Milliyyətcə ləzgi olan Elza İbrahimovanın bütün yaradıcı həyatı Bakıda keçib. Azərbaycanın və qardaş Dağıstanın musiqi mədəniyyətində parlaq iz qoymuş Elza İmaməddin qızının yubileyi bu yaxınlarda geniş miqyasda qeyd edilib.
Elza İbrahimova iki dövlətin - həm Azərbaycanın, həm də Dağıstanın Xalq artisti, həmçinin Azərbaycanın Əməkdar incəsənət xadimi kimi yüksək fəxri adlara layiq görülmüş yeganə dağıstanlı qadındır. O həm də 2002-ci ildən Azərbaycan Prezidenti Heydər Əliyevin təqaüdçüsü olmuş yeganə dağıstanlı qadın bəstəkar idi.
Fəridə Abdullayeva
AZƏRTAC -ın xüsusi müxbiri
Moskva