RƏSMİ XRONİKA
“GİLAN DƏRİ” MƏHSULLARINI XARİCİ BAZARLARA ÇIXARIR
Oktyabrın 24-də Yevlax şəhərində “Gilan dəri” MMC-nin dəri emalı fabrikinin açılışı olmuşdur. Müəssisənin kollektivi Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ehtiramla qarşıladılar. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və müəssisə ilə tanış oldu.
Məlumat verildi ki, fabrikin tikintisi 2006-cı ilin sonunda başa çatdırılmışdır. Gündəlik istehsal gücü 36 tona çatan fabrikə 15 milyon dollar sərmayə qoyulmuşdur. Yerli xammalla işləyən müəssisədə İtaliya və Türkiyədən gətirilmiş müasir avadanlıq quraşdırılmışdır, əsas barabanlar isə İsveçrə istehsalıdır. Hazırda fabrikdə 320 işçi çalışır və gələcəkdə onların sayı 450-yə çatdırılacaqdır. Orta aylıq əmək haqqı 140 manatdan 1000 manata qədərdir.
Prezident İlham Əliyev düyməni basaraq, müəssisəni işə saldı, dərinin qəbulu, yuyulması, çeşidlənməsi,
aşılanması, rənglənməsi proseslərini izlədi. Dövlətimizin başçısına bildirildi ki, burada istehsal olunan dərilərin keyfiyyəti yüksəkdir və xarici bazarlarda ona tələbat artır. Müəssisə İtaliya, İspaniya, Ukrayna, Türkiyə və Çinə məhsul göndərir.
Prezident İlham Əliyev fabrikin inzibati binasında xaricə göndərilən məhsula baxdı, ölkəmizdə bu cür müasir müəssisələrin yaradılmasının əhəmiyyətini vurğuladı.