Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur
Bakı, 4 sentyabr, AZƏRTAC
İnsanlar tarix boyu özlərindən sonra bir iz qoymağa, yaşadıqlarını və hisslərini müxtəlif formalarda ifadə etməyə çalışıblar. Bu meyil bəşəriyyətin ilkin dövrlərindən qayalara, daşlara, divarlara və digər səthlərə həkk olunan yazı və işarələrdə özünü göstərib. Ola bilsin ki, bu, insan həyatının əbədiyyət qarşısında nə qədər qısa və gözlənilməz olduğunu dərk etməsindən, özündən sonrakı nəsillərə bir iz buraxmaq istəyindən irəli gəlir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin dekan müavini, memar Səttar Kərimli bildirib.
Memar qeyd edib ki, Şuşa şəhərində aparılan bərpa-quruculuq işləri yüksək səviyyədə həyata keçirilib və görülən işlər insanda böyük təəssürat yaradır.
O vurğulayıb ki, Şuşa və onun ətrafındakı ərazilər hər bir azərbaycanlı üçün doğma yurd, Vətən və evdir.
“Şuşada daş və qayaların üzərinə yazılan yazılara gəlincə, məsələyə həmin yazıları yazan şəxsin prizmasından yanaşdıqda, o, doğmasının, əzizinin xatirəsini yaşatmağa və onu yad etməyə çalışır. Lakin nəzərə almaq lazımdır ki, bu yazılar zaman keçdikcə təbii təsirlər nəticəsində silinə, yaxud müxtəlif səbəblərdən dəyişikliklərə məruz qala bilər. Hər bir halda, belə müdaxilələr mövcud təbii və ya memarlıq mühitinin estetik görünüşünə xələl gətirir”, – deyə memar vurğulayıb.
Memarın sözlərinə görə, daşlara, qayalara və divarlara yalnız adlar deyil, bəzən reklam xarakterli yazılar, sevgi etirafları və digər müxtəlif ifadələr də yazılır. Bu isə yerləşdiyi məkandan asılı olmayaraq, təbii mühitin və ya ilkin estetik görünüşün pozulmasına səbəb olur.
“Şuşa Qarabağın göz bəbəyidir. Onun təkrarolunmaz təbiətinin, tarixi və mədəni irsinin qorunması hər birimizin borcudur. Torpaqlarımızın azad olunması uğrunda qanlar axıdılıb, igid əsgərlərimiz canlarından keçiblər. Buna görə də həmin torpaqlara və onların hər bir daşına böyük ehtiramla yanaşmalıyıq”, – deyə S.Kərimli bildirib.
Müxbir – Günel Alıyeva