Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır
Bakı, 4 sentyabr, AZƏRTAC
Avropanın təbii qaz anbarlarının doluluq nisbəti qarşıdan gələn qış mövsümü ərəfəsində əvvəlki illərlə müqayisədə daha aşağı səviyyədədir. Bu da soyuq aylarda tədarük və qiymət təzyiqlərinin arta biləcəyi ilə bağlı narahatlıqları gücləndirir.
AZƏRTAC xəbər verir ki, hazırda Avropa İttifaqı ölkələrində təbii qaz anbarlarının doluluq nisbəti 65,85 faizdir. “Gas Infrastructure Europe”nin (GIE) məlumatına görə, anbarlarda təbii qaz ehtiyatları ötən il sentyabrın 4-də 78,5 faiz, 2024-cü ildə 92,5 faiz və 2023-cü ildə 93 faiz təşkil edib.
Analitiklər hesab edirlər ki, mayeləşdirilmiş təbii qaz (LNG) təchizatında fasilələr, Avropa və Asiya alıcıları arasında artan rəqabət və ehtiyat səviyyələrinin aşağı olması qarşıdakı dövrdə təbii qaz qiymətlərinin daha kəskin artması riskini yaradır.
Bundan başqa, “köknə qitədə” təbii qaz qiymətləri bazar ertəsi günü 69 avrodan yuxarı qalxaraq 2023-cü ilin yanvar ayından bəri ən yüksək səviyyəyə çatmışdı. Yaxın Şərqdə artan geosiyasi gərginlik və Hörmüz boğazından keçən gəmiçiliklə bağlı qeyri-müəyyənliklərin təsiri ilə Avropada qazın qiyməti həftəni daha yüksək səviyyədə tamamlayır. Belə ki, bu gün Niderlandın TTF habında oktyabr fyuçers müqavilələrində təbii qazın qiyməti 6,12 faiz artaraq 71,08 avroya çatıb.
Bu həftə Yaxın Şərqdə yenidən başlayan gərginlik enerji təchizatı təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb və Avropa təbii qaz bazarını ardıcıl dördüncü həftədir ki, artıma doğru aparıb.
Hörmüz boğazındakı fasilələr qlobal LNG bazarında təchizat rəqabətini də artırır. Asiyadakı artan tələb Avropada alıcılar ilə rəqabətə və potensial olaraq “köhnə qitənin” qaz bazarında qiymət təzyiqinin artmasına səbəb olur.
Avropada anbarların doluluq nisbəti aşağı səviyyədə qalarsa, xüsusən də bu, soyuq qış aylarında baş verərsə, noyabr-mart ayları arasında təbii qaz qiymətləri kəskin arta bilər. “Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, Avropanın tarixən aşağı təbii qaz saxlama səviyyələri 2026/2027-ci illərin qış fəslində təchizat təhlükəsizliyini riskə atır.