QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir
Bakı, 4 sentyabr, AZƏRTAC
Son günlər Şuşaya səfər edən bəzi yerli turistlərin qaya və daşların üzərinə müxtəlif adlar yazması ilə bağlı görüntülər ictimai müzakirələrə səbəb olub. Bu kimi hallar ilk baxışdan sadəcə xoşagəlməz görüntü təsiri bağışlasa da, əslində məsələ daha geniş və ciddi bir problemin – tarixi məkanlara, mədəni irsə və ictimai mühitə münasibət mədəniyyətinin göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.
Onun sözlərinə görə, tarixi şəhərlər, dövlət qoruqları, memarlıq abidələri, qədim tikililər, təbii və arxeoloji ərazilər heç bir halda şəxsi “xatirə dəftəri” deyil. Bu məkanların hər bir daşı, divarı, fasadı və təbii səthi müəyyən tarixi və mədəni dəyər daşıya bilər. Onların üzərinə ad, tarix və müxtəlif yazılar həkk etmək isə həmin dəyərə müdaxilədir. Xüsusilə Şuşa kimi Azərbaycanın tarixində mühüm yer tutan şəhərlərdə bu məsələyə münasibət daha həssas olmalıdır. Şuşa Azərbaycan mədəniyyətinin, memarlığının və tarixinin mühüm simvollarından biridir. Buraya gələn hər bir turist şəhərin yalnız bugünkü gözəlliyini deyil, onun çoxəsrlik tarixini də görməlidir.
“Lakin söhbət təkcə Şuşadan getmir. Azərbaycanın müxtəlif bölgələrində dövlət tərəfindən qorunan çoxsaylı tarixi-mədəni irs nümunələri, qoruqlar, muzeylər, memarlıq abidələri və digər qiymətli məkanlar mövcuddur. Bu ərazilərin qorunması yalnız aidiyyəti qurumların işi deyil. Həmin məkanları ziyarət edən hər bir insanın davranışı da onların gələcək nəsillərə hansı vəziyyətdə ötürüləcəyini müəyyənləşdirir. Belə ki, daşın və ya divarın üzərinə yazı yazmaq bəzən “xatirə qoymaq” kimi təqdim edilir. Halbuki xatirə yaratmağın yolu tarixi səthi dəyişdirməkdən keçmir. Əksinə, belə müdaxilələr zaman keçdikcə məkanın ilkin görünüşünü pozur və tarixi mühitin bütövlüyünə xələl gətirir. Bu baxımdan dünyada geniş yayılmış qraffiti problemi də diqqətəlayiq nümunədir. Bir sıra Avropa şəhərlərində binaların, küçələrin, ictimai nəqliyyat vasitələrinin və müxtəlif şəhər obyektlərinin icazəsiz yazılarla örtülməsi artıq ciddi şəhərsalma və idarəetmə probleminə çevrilib. Belə yazıların təmizlənməsi üçün hər il böyük maliyyə vəsaiti, texniki imkanlar və əmək sərf olunur”, - deyə X.Vəliyeva əlavə edib.
İctimai birlik sədri bildirib ki, əgər söhbət tarixi abidədən gedirsə, məsələ daha da mürəkkəbləşir. Müasir binadan yazını silmək mümkün olduğu halda, tarixi səthdən qeyri-peşəkar yazının təmizlənməsi abidənin özünə əlavə zərər vura bilər. Bəzən onu əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmur.
“Son illərdə müxtəlif ictimai məkanlarda, o cümlədən Nizami Kino Mərkəzinin binasında oxşar halların baş verməsi də göstərir ki, bu məsələyə yalnız ayrı-ayrı hadisələr kimi deyil, ümumi şəhər mədəniyyəti kontekstində yanaşmağa ehtiyac var. Belə halların vandalizm kimi qiymətləndirilməsi təsadüfi deyil. Çünki söhbət yalnız divarın və ya fasadın çirkləndirilməsindən yox, ümumi şəhər mühitinə və ictimai əmlaka münasibətdən gedir. Burada hüquqi məsuliyyət məsələsi də diqqətdən kənarda qalmamalıdır. İctimai və ya şəxsi əmlaka zərər vuran, tarixi və mədəni obyektlərin görünüşünə xələl gətirən şəxslər müəyyən edilmiş qaydalara uyğun olaraq məsuliyyət daşımalıdırlar. Qaydaların olması qədər onların hamıya eyni şəkildə tətbiq edilməsi də vacibdir. İnsan öz səfərindən xatirə saxlamaq istəyirsə, bunun ən gözəl yolu fotoşəkil çəkmək, həmin məkan haqqında məlumat toplamaq və öz təəssüratlarını bölüşməkdir”, - deyə o vurğulayıb.
X.Vəliyeva bildirib ki, bu torpaqların hər qarışı bizə tarixdən xəbər verir. Bizim vəzifəmiz həmin tarixə yeni izlər əlavə etmək yox, mövcud izləri qorumaqdır. Tarixi abidələr, qoruqlar və şəhərlər bizdən əvvəlki nəsillərdən bizə miras qalan və gələcək nəsillərə ötürməli olduğumuz sərvətlərdir. Onlara münasibət əslində bizim öz tariximizə və mədəniyyətimizə münasibətimizin göstəricisidir. Ona görə də cəmiyyət olaraq sadə, lakin mühüm bir prinsipə əməl etməliyik: Tarixi məkana gedərkən orada iz qoymağa yox, onun izlərini qorumağa gedirik. Çünki bu gün qoruduğumuz hər daş, hər abidə və hər tarixi məkan sabah gələcək nəsillərin bizə verəcəyi ən qiymətli miras olacaq.