REGİONLAR


Güləş üzrə muxtar respublika turniri başa çatıb

Naxçıvan, 11 may, AZƏRTAC

Mayın 11-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yeniyetmələr arasında (2005-2007-ci illər) sərbəst güləş üzrə “Heydər Əliyev Kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinin yekun tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov turnirin açılış mərasimində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramını bildirib, Ulu Öndərin anadan olmasının 99 illiyinə həsr olunmuş sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika turnirinin iştirakçılarını salamlayaraq deyib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafı diqqətdə saxlanılıb. Bu sahədə maddi-texniki baza yaxşılaşdırılıb, yeni idman kompleksləri tikilib, idman-sağlamlıq mərkəzləri yaradılıb. Ümummilli Liderin gənclər və idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, idmançılarımız beynəlxalq yarışlarda uğurla çıxış edirlər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılır. İdmanın inkişafına göstərilən dövlət qayğısı, yaradılan idman obyektləri gənclərin idmana olan marağını artırıb və nəticədə istedadlı idmançıların yetişməsinə şərait yaradıb. Müasir idman infrastrukturunun, eləcə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada müxtəlif səviyyəli idman yarışlarının keçirilməsinə imkan verir.

Azər Zeynalov muxtar respublikada idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə turnir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edib.

Tədbirdə gənclər və idman naziri Ramil Hacı çıxış edərək muxtar respublikada idmanın inkişafı, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili sahəsində görülən işlərdən danışıb.

Gənclər və idman naziri milli idmanın inkişafında misilsiz xidmətlərə malik ümummilli lider Heydər Əliyevə həsr olunmuş növbəti turnirin uğurla keçirilməsi münasibətilə idmançıları təbrik edib, yaradılan şəraitə görə idman ictimaiyyəti adından muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin bədii hissəsində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançısı Günəş Hüseynovanın və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançılarının nümunəvi çıxışları olub.

Ardınca final görüşlərinə start verilib. 6 komandanın 100-dən çox idmançısının 10 çəki dərəcəsində olimpiya sistemi üzrə mübarizə apardığı turnirin yekun nəticəsinə əsasən Elmir Əsgərov (45 kiloqram), Sadiq Kərimov (48 kiloqram), Nicat Ocaqquliyev (51 kiloqram), İlkar Əlican (55 kiloqram), Əmrə Ağayev (60 kiloqram), Eldar Abdullayev (65 kiloqram), Samir Bağırzadə (71 kiloqram), Daşqın Rəsulov (80 kiloqram), Süleyman Məmmədov (92 kiloqram) və Cəfər Heydərov (110 kiloqram) qalib adını qazanıblar.

Komanda hesabında isə turnirin baş mükafatını “Naxçıvan” komandası qazanıb.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.