Coğrafiya İnstitutunun əməkdaşı: Xəzər dənizi üçün əsas təhlükə suyun çirklənməsidir
Bakı, 19 avqust, AZƏRTAC
Xəzər dənizinin səviyyəsinin son illərdə aşağı düşməsi sahil ekosistemlərində ciddi dəyişikliklərə səbəb olsa da, dəniz üçün daha böyük təhlükə çirklənmədir. Xəzərin səviyyəsinin dəyişməsi təbii prosesdir və dənizin səviyyəsi gələcəkdə yenidən qalxa bilər. Lakin antropogen təzyiqin artması ekosistemlərin özünübərpa imkanlarını zəiflədir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Səidə Zeynalova bildirib. Onun sözlərinə görə, “transformasiya” anlayışı ekosistem və landşaftlarda baş verən dəyişiklikləri ifadə edir. Bu dəyişikliklərin bir hissəsi geri dönə bilər. Məsələn, dənizin səviyyəsi aşağı düşdükdə sahil əraziləri sudan azad olur və burada yeni bitki örtüyü və ekosistemlər formalaşır. Əgər müəyyən müddətdən sonra suyun səviyyəsi yenidən yüksələrsə, həmin ərazilərin bir hissəsi əvvəlki ekoloji vəziyyətinə qayıda bilər. Təbii ekosistemlərin əsas xüsusiyyətlərindən biri özünübərpa qabiliyyətidir. Lakin insan təsiri gücləndikcə bu qabiliyyət zəifləyir. Xüsusilə urbanizasiya, tikinti, sənaye fəaliyyəti və digər antropogen təsirlər sahil ekosistemlərinin təbii inkişafına mane olur.
“İnsan orqanizminin immunitetinin zəifləməsi kimi, ekosistemlərin də özünübərpa qabiliyyəti antropogen təzyiq artdıqca aşağı düşür. Mütəxəssislər Xəzər dənizinin müxtəlif sahələrində geniş tədqiqat aparıblar. Tədqiqatların coğrafiyası Volqa çayının deltasından Səfidrud çayının deltasına qədər uzanıb. Azərbaycan sektorunda isə geniş çöl müşahidələri həyata keçirilib, eyni zamanda, məsafədən zondlama və GİS texnologiyalarından istifadə olunub.
Bu tədqiqatlar zamanı dənizin səviyyəsinin aşağı düşməsi nəticəsində sudan azad olan ərazilərdə müxtəlif ekosistemlərin formalaşdığı müşahidə edilib”, - deyə müsahibimiz bildirib. Onun sözlərinə görə, antropogen təsirin olmadığı və ya nisbətən zəif olduğu ərazilərdə bu proses daha təbii şəkildə gedir. Xəzərin səviyyəsinin müəyyən müddətdən sonra yenidən yüksəlməsi mümkündür. Bu halda təbii ərazilərdə formalaşmış bəzi ekosistemlərin yenidən su altında qalması və əvvəlki ekoloji proseslərin bərpa olunması ehtimalı var. Lakin güclü antropogen təzyiqə məruz qalmış ərazilərdə ekosistemlərin əvvəlki vəziyyətinə qayıtması daha çətin ola bilər.
Alim vurğulayıb ki, Xəzərin səviyyəsinin aşağı düşməsi məsələsinə yalnız bir istiqamətdən yanaşmaq olmaz: “Dənizin səviyyəsinin dəyişməsi tarixi və təbii prosesdir. Əsas problem bu dəyişikliklərlə yanaşı, insan fəaliyyətinin yaratdığı ekoloji təzyiqin artmasıdır. İqlim dəyişiklikləri fonunda çaylardan Xəzərə daxil olan suyun azalması və buxarlanmanın artması dənizin su balansına təsir edir. Bunun üzərinə antropogen amillərin əlavə olunması ekosistemlər üçün riskləri daha da artırır”.
Müsahibimiz qeyd edib ki, Xəzərlə bağlı elmi və ekoloji siyasətdə əsas diqqət dənizin çirklənməsinin qarşısının alınmasına yönəldilməlidir: “Suyun səviyyəsinin aşağı düşməsi mütləq şəkildə dənizin tamamilə geri çəkilməsi anlamına gəlmir, çünki Xəzərin səviyyəsi tarix boyu dəyişib və gələcəkdə yenidən yüksələ bilər. Dənizin çirklənməsi isə ekosistemlərin təbii özünübərpa imkanlarını birbaşa zəiflədən amillərdəndir. Buna görə də Xəzərin qorunması üçün çirklənmə mənbələrinin azaldılması, sahil ərazilərində antropogen təzyiqin məhdudlaşdırılması və ekosistemlərin davamlı monitorinqi xüsusi əhəmiyyət daşıyır.
Xəzər dənizinin gələcəyi ilə bağlı əsas məqsəd yalnız suyun səviyyəsini izləmək deyil, bütövlükdə dənizin ekoloji vəziyyətini qorumaq olmalıdır”.