“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb
Berlin, 19 avqust, AZƏRTAC
“Şimal axını” qaz kəmərində 2022-ci ildə baş vermiş partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Ukrayna vətəndaşı olan Vladimir Z. adlı şəxs Almaniya Federal Baş Prokurorluğunun göstərişi ilə Xorvatiyanın Pula şəhərində yerli polis tərəfindən yaxalanıb. Onun saxlanılması Almaniya Federal Ali Məhkəməsinin istintaq hakiminin verdiyi Avropa orderi əsasında həyata keçirilib.
Məlumata əsasən, Vladimir Z. ötən il Polşada müəyyən edilərək qısa müddətə saxlanılsa da, Almaniyaya ekstradisiya edilməyib və azadlığa buraxılıb. İndi onun Xorvatiyadan Almaniyaya təhvil verilməsi və məhkəmə qarşısına çıxarılması gözlənilir.
İstintaqa əsasən, Vladimir Z. 2022-ci ilin sentyabrında “Şimal axını 1” və “Şimal axını 2” kəmərlərinə partlayıcı qurğular yerləşdirən dalğıclardan biri olub. O, birgə şəkildə partlayış törətmək, konstitusiyaya zidd təxribat və tikililəri dağıtmaqda şübhəli bilinir. O, Serhii K.-nın da daxil olduğu bir qrupda yer alıb. Dalğıcların partlayıcıları Danimarkanın Bornholm adası yaxınlığında təxminən 80 metr dərinlikdə yelkənli qayıqdan istifadə etməklə kəmərlərə bərkitdikləri bildirilir. 2022-ci il sentyabrın 26-da baş verən partlayışlar nəticəsində hər iki kəmər ciddi zədələnib.