Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
Tbilisi, 19 avqust, AZIRTAC
Bu gün Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 114-cü və vəfatının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra muzeyin direktoru Leyla Əliyeva Mirvarid Dilbazinin yaradıcılığından söz açıb, onun zəngin irsinin təbliğ olunmasının vacibliyini qeyd edib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı Mirvarid Dilbazinin yaradıcılıq yolundan söhbət açıb. Bildirib ki, Xalq şairinin yaradıcılığı Azərbaycan sərhədlərini aşaraq dost ölkələrdə də tanınır və onun əsərləri gənc nəsil tərəfindən maraqla qarşılanır.
O qeyd edib ki, Mirvarid Dilbazinin yaradıcılığı gələcək nəsillər üçün mühüm mənəvi örnəkdir.
“Mirvarid Dilbazi həm vətənpərvərliyi, həm də şəxsiyyəti ilə Azərbaycanın qürur simvoluna çevrilib. Onun bənzərsiz poeziya nümunələri yaddaşlara və ürəklərə həkk olunub. Gələcək nəsillərin, xüsusilə gənclərin Mirvarid Dilbazinin yaradıcılığını oxuması və öyrənməsi vacibdir”, – deyə Güllü Eldar Tomarlı bildirib.
Tədbir çərçivəsində “Mirvarid Dilbazi Poeziya Məclisi”nin təşəbbüsü ilə yenidən nəşr olunan “Bənövşələr üstə gözyaşı” kitabının təqdimatı da keçirilib.
Qeyd edilib ki, kitab dövlət qurumlarına və kitabxanalara hədiyyə ediləcək.
“Mirvarid Dilbazi Poeziya Məclisi”nin təşkilatçılığı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə baş tutan tədbirdə şairlər, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.