Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycan mədəniyyətini dünyanın müxtəlif ölkələrində təmsil etmək, milli musiqimizi, muğamımızı və qədim musiqi irsimizi beynəlxalq auditoriyaya tanıtmaq bizim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir. İnanıram ki, hər bir sənətçi öz yaradıcılığı ilə xalqının mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına töhfə verməlidir. Bizim ən böyük vəzifəmiz milli musiqimizi qorumaqla yanaşı, onu dünyanın müxtəlif səhnələrində layiqincə təqdim etməkdir.
Bunu AZƏRTAC-a açıqlamasında “Qorqud” folklor ansamblının bədii rəhbəri, muğam ifaçısı, Əməkdar artist Nuriyyə Hüseynova deyib.
O, yaradıcılıq və pedaqoji fəaliyyətindən danışaraq, uzun illərdir gənc musiqiçilərin yetişdirilməsi istiqamətində fəaliyyət göstərdiyini qeyd edib: “Muğam müsabiqələri üçün xeyli sayda ifaçı yetişdirmişəm. Onların arasında müxtəlif müsabiqələrdə qalib olan, birinci və ikinci yerləri tutan tələbələrim də var. Gənc istedadların yetişdirilməsi və onların sənət yolunda uğur qazanmaları mənim üçün yaradıcılığımın ən dəyərli istiqamətlərindən biridir. Çünki milli musiqimizin gələcəyi məhz bu gənclərin əlindədir”, – deyə Əməkdar artist qeyd edib.
Nuriyyə Hüseynova vurğulayıb ki, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği hər bir sənətçinin vətəndaşlıq məsuliyyətinin mühüm hissəsidir. Vətəni, ölkəni sevmək, öz dilinə, dininə, milli ənənələrinə və adətlərinə hörmətlə yanaşmaq isə hər bir vətəndaşın borcudur.
Müxbir – Gülay Nəzərova