® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib
“PAŞA Holdinq”in təşəbbüsü ilə həyata keçirilən “LEGIS” Hüquq Forumu çərçivəsində gənc hüquqşünasların peşəkar inkişafını dəstəkləmək məqsədilə təşkil olunan LEGIS Mentorluq Proqramı menti qəbuluna başlayıb.
Proqram karyerasının ilkin mərhələsində olan hüquqşünaslara öz sahələrində tanınmış və təcrübəli mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, onların bilik və təcrübəsindən faydalanmaq, nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirmək və karyera inkişafı istiqamətində fərdi mentorluq dəstəyi almaq imkanı yaradır.
2026-cı ilin sentyabr ayından 2027-ci ilin fevral ayınadək davam edəcək proqram çərçivəsində görüşlər ayda ən azı bir dəfə, minimum 60 dəqiqə olmaqla onlayn, əyani və ya hibrid formatda keçiriləcək. İştirakçılar, həmçinin peşəkar şəbəkələrini genişləndirmək və hüquq sahəsində müxtəlif istiqamətlər üzrə karyera imkanları haqqında daha dolğun təsəvvür formalaşdırmaq imkanı əldə edəcəklər.
Proqramın mentorları:
“LEGIS” Mentorluq Proqramı iştirakçıları hüquq, arbitraj, dövlət qurumları ilə əlaqələr, enerji və korporativ idarəetmə daxil olmaqla müxtəlif istiqamətlərdə geniş peşəkar təcrübəyə malik mentorlarla görüşəcəklər.
Proqramın mentorları sırasında:
• Anar Bağırov - AR Vəkillər Kollegiyasının sədri;
• Aytac Qasımova - PAŞA Holding MMC-nin Hüquq və Dövlət Qurumları ilə Əlaqələr Funksiyasının direktoru;
• Bəxtiyar Aslanbəyli - bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti;
• Kəmalə Mehdiyeva - Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin sədri;
• Kenan Yılmaz – “Koç Holding”də Hüquq və uyğunluq üzrə Baş inzibatçı;
• Cəlal Savaş - SOCAR-ın baş direktorunun hüquqi məsələlər üzrə Baş Müşaviri və hüquq sahəsinin digər tanınmış və təcrübəli mütəxəssisləri yer alır.
Mentorların tam siyahısı və onlar haqqında ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq mümkündür:
Müraciət qaydaları:
“LEGIS” Mentorluq Proqramında iştirak etmək istəyən gənc hüquqşünaslar üçün son müraciət tarixi 27 avqust 2026-cı il müəyyən edilib.
Daxil olan müraciətlər Təşkilat Komitəsi tərəfindən nəzərdən keçiriləcək və yalnız seçilmiş uğurlu namizədlərlə əlaqə saxlanılacaq.
Proqrama müraciət etmək üçün: https://lnkd.in/dJwmTN2D
“LEGIS” Mentorluq Proqramı gənc hüquqşünasların peşəkar inkişafına, təcrübəli mütəxəssislərlə əlaqələr qurmasına və gələcək karyera yollarını daha məqsədyönlü şəkildə formalaşdırmasına töhfə verməyi hədəfləyir.