AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər
Bakı, 19 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qusarda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində “Bootcamp” proqramında 20-yə yaxın ali təhsil müəssisəsindən 26 iştirakçı, 20 startap layihəsi, akselerasiya və inkubasiya mərkəzləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Bootcamp”da Azərbaycan Texniki Universitetini (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin mexatronika və robototexnika mühəndisliyi ixtisasının tələbələri İsmayıl Baba və Yağmur Məmmədov təmsil ediblər. İki gün davam edən proqram çərçivəsində süni intellekt və rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, aqrar startapların inkişafı və kommersiyalaşdırılması istiqamətində sessiyalar keçirilib. İştirakçılar, həmçinin “Amoris”, “METAK” və “İsmikhanli” təsərrüfatlarına infotur zamanı real aqrar istehsal prosesləri ilə tanış olublar.