MƏDƏNİYYƏT


Musiqili Teatr “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək

Musiqili Teatr “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-cı ildə qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək.

AZƏRTAC xəbər verir ki, yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda fərqli şəkildə təqdim olunacaq. Eyni zamanda səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayev, Yuliya Heydərovanın ifa edəcəkləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.

Qeyd edək ki, gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövq oxşayan “Buratino”nun maraqlı süjet xətti var. Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar bu qeyri-adi taxta oğlan Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə, sadiq dost olmağı bacarmağı və macəra dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağıdır. Hətta Karlonun daxmasında yaşayan danışan cırcırama da Buratinoya məktəbə getməsi, savad alması, ağıllı olması barədə məsləhət verir. Lakin o, məsləhətdən imtina edir. Bir gün Karlo tənbəl oğlunu ruhlandırmaq üçün ona “Əlifba” kitabı alır ki, bəlkə onu məktəbə göndərə bilsin. Buratino isə yolda kukla teatrının aktyorlarını görüb, fikrini dəyişərək tamaşaya getmək qərarına gəlir. Karlo onun istəyini yerinə yetirir və teatra bilet alır. Beləliklə, Buratinonun həyatında yeni bir səhifə açılır, o, səyyar kukla teatrının tamaşaçısına çevrilir. Bəs daha sonra nələr olur? “Buratino” tamaşasına baxanlar bu sualın cavabını tapa biləcəklər.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.