REGİONLAR
Qax və Gəncə Dövlət Kukla teatrları arasında dostluq əlaqələri genişlənir
Qax, 12 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi yanvarın 12-də qaxlı həmkarlarının qonağı olub. Bu, Gəncə teatrının kollektivinin dostluq görüşləri çərçivəsində Qax Dövlət Kukla Teatrına ikinci səfəridir. İlk dostluq görüşü ötən ilin aprelində reallaşıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax teatrının baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Səfər çərçivəsində kollektivlər arasında yaradıcılıq söhbətləri, müzakirələr aparılıb. Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Fərmail Paşayev teatrın fəaliyyəti, qazandığı uğurlar barədə məlumat verib. Dostluq görüşlərinin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Sonra Gəncə teatrının yaradıcı heyəti qaxlı həmkarlarına Hafiz Ataxanlının “Dərdlərimin çamadanı” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edib. Tamaşanın quruluşçu rejissoru Fərmail Paşayev, rəssamı Məhəmməd Hacıyev, musiqi tərtibatçısı Şamil Məmmədlidir. Əsərin qəhrəmanını aktrisa Zülfiyyə Əliyeva ifa edib.
Diqqətə çatdırılıb ki, bu tamaşa “Şuşa İli”nə həsr olunmuş “4.4 Qısa Tamaşalar Festivalı”nda münsiflər heyətinin xüsusi rəğbətini qazanıb və 3 mükafat alıb.
Görüş zamanı Qax teatrının təqdim etdiyi alman uşaq yazıçısı Otfrid Proyslerin “Balaca cadugər” əsəri əsasında səhnələşdirilmiş nağıl-tamaşa da maraqla qarşılanıb.
AZƏRTAC—0—
MDCR