REGİONLAR
Salyanda Azərbaycan Polisinin keçdiyi şərəfli yola nəzər salınıb
Salyan, 2 iyul, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Polisinin 100 illik yubileyi Salyanda təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Salyandakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək polis işçilərini təbrik edib, onlara çətin və şərəfli xidmətdə uğurlar arzulayıb. Azərbaycan Polisinin keçdiyi 100 illik yola nəzər salan icra başçısı bildirib ki, tarixin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinin keşiyində ayıq-sayıq dayanan polis orqanlarına Ulu Öndər Heydər Əliyev həmişə böyük qayğı ilə yanaşıb. Bu diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev Azərbaycan dövlətinin formalaşmasında, milli maraqlarımızın qorunmasında polisin müstəsna xidmətlərinə dair məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Polisi yarandığı gündən ictimai asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlib.
Mərasimdə Azərbaycan Polisinin peşəkarlığının artırılması, maddi-texniki bazasının beynəlxalq standartlar səviyyəsində qurulması, polis işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması daxili işlər orqanlarına göstərilən dövlət qayğısının bariz nümunəsi olduğu bildirilib.
Sonda xidmətdə fərqlənən bir qrup polis işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.