Sənayedə qeyri-dövlət sektorunun payı 88,7 faiz olub
AzerTAg.az

Bakı, 16 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1 faiz azalaraq 73,3 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 5,6 faiz artıb. Sənaye məhsulunun 76,4 faizi mədənçıxarma, 19,9 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib. Sənayedə qeyri-dövlət sektorunun payı 88,7 faiz olub. Ümumi istehsalın 94,6 faizi sənaye məhsullarının istehsalı, 5,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında noyabrın 1-nə 1059,3 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 48,7 faizi Bakı, 21 faizi Sumqayıt, 5,9 faizi Gəncə şəhərlərinin, 3,6 faizi Şirvan, 0,2 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 65,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Xəbərin mətnində orfoqrafik səhv var