CƏMİYYƏT
Vladislav Yakovenko: Azərbaycan Milli Onkologiya Mərkəzində ən müasir texnologiyalar tətbiq olunur
Bakı, 6 oktyabr, AZƏRTAC
Mən II Bakı Endoskopik Forumuna ekspert qismində dəvət edilmişəm. Biz mədə-bağırsaq traktı xərçənginin profilaktikası haqqında danışacağıq. Bu xəstəliyin unikal üsullarla diaqnostikası və müalicəsi üzrə bir neçə kliniki-endoskopik yanaşma təqdim ediləcək. Bu üsullardan istifadə hazırda Bakıda da mümkündür. Biz dünyanın bir sıra ölkələrindən olan mütəxəssislərlə birgə tibb elminin müxtəlif aktual problemlərini, onkologiyanın qarşısında duran vəzifələri müzakirə edəcək, yeni texnologiyaların tətbiqində təcrübə mübadiləsi aparacaq, həmçinin gələcək inkişafımızda bir-birimizə kömək edəcəyik.
Bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində beynəlxalq forumun iştirakçısı, Kiyevin “Оберіг” klinikasının endoskopiya və minimal invaziv cərrahiyyə şöbəsinin müdiri Vladislav Yakovenko səsləndirib.
Ukraynada qastrointestinal və minimal invaziv endoskopiya cərrahiyyəsi sahəsində aparıcı klinikalardan olan “Оберіг”in şöbə müdiri, həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzi barədə təəssüratlarını bölüşüb. V.Yakovenko deyib: “Milli Onkologiya Mərkəzində yaradılan şərait xoş təsir bağışlayır. Burada ən müasir texnologiyalar tətbiq olunur. Bizə məlumat verildi ki, son illər bu tibb ocağı dünyanın aparıcı onkologiya mərkəzləri ilə, eləcə də onkoloji xəstələrin müalicəsində zəruri olan yeni texnologiyalar istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik Azərbaycan Milli Onkologiya Mərkəzini artıq dünyanın aparıcı onkologiya mərkəzləri ilə bir sıraya qoymaq olar”.