İDMAN


“XƏZƏR-LƏNKƏRAN” “BİRLİK KUBOKU” TURNİRİNİN QALİBİ OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Xəzər-Lənkəran” klubu “MDB və Baltikyanı ölkələri çempionlarının Birlik Kuboku” XVI Beynəlxalq futbol turnirinin final görüşündə Özbəkistanın “Paxtakor” komandası üzərində qələbə qazanaraq, həmin yarışın qalibi olmuşdur.

Görüş Azərbaycan çempionunun hücumları ilə başlasa da, hesabı 3-cü dəqiqədə “Paxtakor”un oyunçusu İldar Maqdeyev açmışdır. Lakin daşkəndlilərin sevinci uzun sürməmişdir. Üç dəqiqə sonra Rahid Əmirquliyev Özbəkistan komandasının qapısından cavab topu keçirmişdir.

Oyunun 28-ci dəqiqəsində Ənvər Soliyevin vurduğu qol sayəsində “Paxtakor” yenə də irəli çıxmışdır. Lakin Zaur Ramazanovun 43-cü dəqiqədə sərrast zərbə ilə vurduğu cavab qolu FİFA-nın prezidenti Yozef Blatterin, UEFA-nın prezidenti Mişel Platininin və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun coşğun alqışlarına səbəb olmuşdur.

İkinci hissənin əvvəlində Ağasəlim Mircavadovun yetirmələri hesabda yenə irəli çıxmışlar. Diyeqo Souza zərbə mövqeyinə çıxaraq, rəqib qapısından üçüncü topu keçirmişdir: 3:2. Lakin 57-ci dəqiqədə Özbəkistan futbolçuları hesabı bərabərləşdirə bilmişlər.

Final görüşündə qələbə topunu 65-ci dəqiqədə “Xəzər-Lənkəran”ın oyunçusu Mario Serjio vurmuşdur. Turnirdə ilk dəfə çıxış edən “Xəzər-Lənkəran” 4:3 hesabı ilə qalib gəlmişdir.

Qeyd etmək lazımdır ki, Rusiyanın şimal paytaxtında yaşayan həmvətənlərimiz futbolçularımıza böyük dəstək göstərmişlər.

Final görüşündən sonra Kuboku və medalları futbolçularımıza FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko təqdim etmişlər.

Xatırladaq ki, bu, Azərbaycan klublarının həmin turnirdə ikinci qələbəsidir. 2006-cı ildə Bakının “Neftçi” komandası elə Ağasəlim Mircavadovun başçılığı ilə Kubokun sahibi olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.