“ + 110 Şərq” su anbarı kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilir
Bakı, 19 noyabr (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində kompleks tədbirləri davam etdirir. Bu məqsədlə magistral su xətlərində, anbarlarda, nasosxanalarda təmir-bərpa və yenidənqurma işləri aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan “+110 Şərq” anbar kompleksində genişmiqyaslı işlər görülür.
İstehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilmiş standartlara uyğunluğunu təmin etmək və fasiləsiz su təchizatı rejiminə nail olmaq üçün “+ 110 Şərq” su anbarı kompleksində hər birinin tutumu 12,5 min kubmetr olan 10 ədəd anbarın istismar vəziyyəti mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra işlərə başlanılmışdır.
İlkin olaraq anbarlar lil çöküntülərindən təmizlənmiş və ehtiyac olan yerlərdə təmir-bərpa işləri aparılmış, anbarların daxildən izolyasiyası və üst qatının təmiri işləri həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində anbarlara daxil olan borular da yenilənmiş, kəmərlərin üzərindəki siyirtmələr müasir tələblərə cavab verən yeniləri ilə əvəz olunmuş, anbarlardan nasos stansiyasına gedən 1400 millimetr diametrli kollektorlar tamamilə yenidən qurulmuşdur. Bununla da istehlakçıları içməli su ilə təmin edən nasos stansiyasına ötürülən suyun həcmi artırılmışdır.
İşlərə başlanandan indiyə qədər 4 anbarda əsaslı təmir işləri tam başa çatdırılmış və onlar istismara verilmişdir. Hazırda digər 6 anbarda işlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq anbardan qidalanan ərazilərdə 24 saatlıq su təchizatına keçməyə imkan yaranacaqdır.
Bu ilin əvvəlində “+ 69 Şərq” anbar kompleksində də əsaslı yenidənqurma və təmir işləri aparılmışdır. Bu məqsədlə anbarların çıxışında nasosxanaları normal təzyiqli su ilə təmin edən çıxış kollektorları yenilənmişdir. Uzun müddət istismarda olan 700 millimetr diametrli kollektor 1400 millimetr diametrli yeni kollektorla əvəz edilmişdir. Yeni kollektorun istismara verilməsindən sonra buradan “+110 Şərq” anbar kompleksinə, eləcə də şəbəkəyə ötürülən suyun həcminin artırılmasına imkan yaranmışdır.
Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “+ 110 Şərq” su anbarı paytaxtın Xətai rayonunu, eləcə də Nizamı, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsini içməli su ilə təmin edir. Burada aparılan işlər Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarında indiyə qədər cədvəllə su alan 220 mindən artıq insanın fasiləsiz rejimdə su almasına imkan verəcəkdir.