® "Kapital Bank"ın rəhbərliyi əsgərlər və şəhid ailələri ilə görüşüb
"Kapital Bank" 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində növbəti sosial layihə həyata keçirib.
Layihə çərçivəsində bankın İdarə Heyətinin sədri, müavinləri, üzvləri, bir sıra departament direktorları və yaxın rayonlarda olan filialların direktorları hərbi hissədə əsgər və zabit heyəti, Qarabağ qaziləri, həmçinin şəhid ailələri ilə görüş keçirib.
Layihəni həyata keçirməkdə məqsəd Vətən uğrunda canından keçmiş şəhidlərin yaxınlarına, həmçinin hazırda Vətənimizin keşiyində duran əsgərlərə diqqət yetirməklə onların bayram günlərində unudulmadıqlarını bildirməkdir. Ailələrindən, evlərindən uzaq olan əsgərlərlə birgə bayram qeyd etmək onların mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir.
Tədbir zamanı bankın rəhbərliyi Müdafiə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissəyə baxış keçirib, əsgərlər üçün yaradılan şəraitlə tanış olublar və hərbi hissənin şəxsi heyəti ilə birgə nahar edib. Görüşdən sonra əsgərlərə və şəhid ailələrinə bayram sovqatı paylanılıb. Bundan başqa hərbi hissəyə, əsgər və zabitlərin ümumi istifadəsi üçün hədiyyələr də təqdim olunub.
Tədbirdə çıxış edən "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, əsgərləri, zabitləri, müharibə veteranlarını və şəhid ailələrini qarşıdan gələn bayram münasibətilə təbrik edib və tədbirin keçirilməsində dəstək olan müdafiə naziri Zakir Həsənova və hərbi hissənin komandirinə təşəkkürünü bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.