® Həkim Sədi Allahverdiyev “IX Endo Dubai 2024” konfransında videotəqdimatla çıxış edib
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d., həkim Sədi Allahverdiyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində endoskopik ginekologiyanın aktual problemlərinə həsr olunmuş “IX Endo Dubai 2024” konfransında həm iştirak edib, həm də videotəqdimatla ilə çıxış edib.
“IX Endo Dubai 2024” konfransının 3-cü günü Sədi Allahverdiyev konfrans aparılan əsas zallardan birində “Uşaqlıq boynu lokalizasiyalı miomanın laporoskopik xaric edilməsi” mövzusunda 6 dəqiqəlik videotəqdimatla çıxış edib. Təqdimatın başlanğıcında həkim Azərbaycan Respublikası, Bakı şəhərində yerləşən, Mərkəzi Gömrük Hospitalında çalışdığını qeyd edib, bundan sonra 6 dəqiqəlik videoçarxda onun tərəfindən hospitalda icra edilən əməliyyatın həm histeroskopik, həm də laporoskopik videogörüntüsünü, eyni zamanda, bu xəstəliyin statistik rastgəlmə tezliyi, xəstənin anamnezi haqqında məlumat və MRT görüntülərini təqdim edib.
Təqdimat çox böyük maraqla qarşılanıb, nadir və maraqlı bir patologiya olduğu qeyd olunub. Əməliyyatın yüksək səviyyədə icra olunduğu panel rəhbərləri tərəfindən vurğulanmış, auditoriyanı maraqlandıran suallar cavablandırılıb. Bu tədbirdə Sədi Allahverdiyevlə yanaşı Azərbaycanın müxtəlif klinikalarından 35 mütəxəssis-ginekoloq iştirak edib. Azərbaycan mütəxəssisləri tərəfindən bu konfransda 4 videotəqdimat və 4 abstrakt prezentasiya təqdim olunub. Videotəqdimatlardan biri çıxışlar içərisində birinci yerə layiq görülüb. Azərbaycan mütəxəssislərinin mama-ginekoloq ixtisası üzrə bəlkə də belə mötəbər tədbirdə bu aktivliklə çıxışı bir ilkdir. Bu aktivlik dünyada endoskopik ginekologiya üzrə tanınmış ekspertlərin diqqətini çəkib.
Qeyd edək ki, tədbirdə endoskopik ginekologiyanın müasir problemləri müzakirə olunub. Buraya diaqnostik histeroskopiya, uşaqlıq daxili endovizual cərrahiyyə, laporoskopik, robotik cərrahiyyənin aktual məsələləri aiddir. Bu gün üçün çox aktual olan endometrioz cərrahiyyəsi, görüntüləməsi, medikal müalicəsi daha sıx müzakirə olunub.
Tədbir 6 zalda - onlardan ikisi böyük, və endoskopik cihazlar istehsal edən firmaların yeni avadanlıqlarını təqdim etdiyi böyük sərgi salonunda keçirilib. Tədbirin ilk günündə 8 saat davam edən, ümumi 12 laporoskopik və histeroskopik əməliyyatlar, canlı olaraq dünyanın müxtəlif ölkələrinin (Dubay, BƏƏ, Polşa, İtaliya, Rusiya, Fransa və digər) aparıcı mərkəzlərindən zallara translyasiya olunub. 55 müxtəlif kurs praktik vərdişlərin icra olunması və plenar sessiyalar, 135-dən çox müxtəlif mövzularda çıxışlardan ibarət olub. Tədbirdə dünyanın 70 ölkəsindən 1100-dən çox mütəxəssis iştirak edib.
Bu tipli tədbirlərdə il ərzində səhiyyə sahədə olan yeniliklər, yeni icra olunan əməliyyatlar, yeni çıxan avadanlıqlarla tanış olmaq, praktiki vərdişlərlə olan kurslarda cərrahi bacarıqları artırmaq, Mərkəzi Gömrük Hospitalı tərəfindən icra olunan maraqlı əməliyyatları təqdim etmək, bu haqda ekspertlərin rəylərini dinləmək, tövsiyələr almaq və gələcəkdə bu ekspertləri yerli konfranslara dəvət etmək üçün geniş şərait olur. Buna görə də bu kimi mötəbər konfranslarda iştirak etmək cərrahi bilik və bacarıqları artırır. Dünya ginekologiyasında bu gün icra olunan cərrahi müdaxilələr və ən yeni medikal müalicə haqqında informasiyalardan xəbərdar olmaq üçün belə tədbirlərdə iştirak etmək zəruridir.