® Meksika səfiri “OBA” marketlərin qonağı oldu
Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan və müştərilərinə yaxın olan “OBA” marketlər şəbəkəsinin rəhbərliyi Meksika səfiri ilə görüşüb.
Görüş oktyabrın 7-də “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Vüsal Şərifovla Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini arasında baş tutub.
Kommersiya direktoru Zaur Qarayevin də iştirak etdiyi görüşdə Meksika və Azərbaycan arasında sahibkarlıq və ticari əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.
Səfir R.Labardini şirkətlə keçirilmiş görüşdə Meksika istehsalçılarının yerli bazara marağı haqqında məlumat verdikdən sonra “OBA” marketlərində satılan Meksika məhsullarına baxış keçirib.
1000-dən çox marketə sahib olaraq ən böyük marketlər şəbəkəsi olan “OBA” marketlər şəbəkəsinin son illər inkişafını yüksək qiymətləndirən diplomat onun digər yerli marketlərdən ciddi fərqləndiyini, fərqli məhsullarla müştərilərinə xidmət etdiyini bildirdi. Həmçinin “OBA”nın hazırkı müasir görünüşünü və qonşu konseptinin çox uğurlu olduğunu diqqətə çatdırdı. Səfir marketlərdə Meksika məhsullarının sərgilənməsinin iki ölkənin sahibkarları arasında qarşılıqlı biznes inkişafına təkan verəcəyini bir daha vurğulayıb.