"Bağbanlı" komandası Quba birinciliyinin qalibi olub
Quba, 6 iyun, Elxan Yusifli, AZƏRTAC
Qubada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinin qalibi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir aya yaxın davam edən yarışın final qarşılaşmasında “Bağbanlı” və “Hacıhüseynli” komandaları qarşılaşıblar.
Oyunun əsas və əlavə vaxtı heç-heçə (1-1) bitdiyi üçün rəqiblər on bir metrlik cərimə zərbələri ilə mübarizəyə yekun vurublar. Penaltilərdə daha dəqiq olan "Bağbanlı" komandası turnirin qalibi olub.
Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışın qaliblərinə medal, kubok və fəxri fərmanlar təqdim olunub.