"Qamma şüalanma kompleksi”nin bu il istifadəyə verilməsi planlaşdırılır
Bakı, 14 iyul, AZƏRTAC
Nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli “Qamma şüalanma kompleksi”nin qurulması işləri başa çatmaq üzrədir və bu ilin noyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Əli Abbasov qeyd edib ki, tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılıb. Bu işlərdə məqsəd əgər kifayət qədər resurslar tapılarsa ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir.
Məlumat verilib ki, İqtisadiyyat və Sənaye Nazirliyinin tövsiyələri və əməkdaşlığı ilə texnoloji-tutumlu, innovativ yönümlü məhsul və xidmətlərin istehsalı, əsasən qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsinə yönələn bir neçə layihəyə dair təkliflərin hazırlanması başa çatmaq üzrədir. Hesabat dövründə yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı, bu il istifadəyə verilməsi planlaşdırılan Pirallahı Yüksək Texnologiyalar Parkı, İKT-nin inkişafı üçün Dövlət Fondu digər müvafiq təşkilatlarla bərabər, xarici investorların diqqətini cəlb edib.
Nazir deyib: "Bu gün bizim əsas məqsədimiz İKT sektorunun inkişafı üçün qeyri-dövlət maliyyə resurslarının cəlb edilməsi və onların düzgün istifadəsidir. Məsələn, “Azərpoçt” MMC Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə poçt sistemində maliyyə və bank xidmətlərinin inkişafı layihəsi üzrə Dünya Bankından götürdüyü kreditləri bu layihənin tətbiqi nəticəsində əldə etdiyi gəlirlərin hesabına qaytarır. Digər bir misal kimi, “Aztelekom”un regionlarda genişzolaqlı internetin inkişafı üçün heç bir zəmanət olmadan Amsterdam TRADE bankından götürdüyü və uğurla ödədiyi kreditləri gətirmək olar. Bir məqamı da qeyd etmək vacibdir ki, bazarda aktivlik var, özəl sektor çox fəaldır. Nazirlik öz səlahiyyətləri çərçivəsində rəqabət mühitinin normal səviyyədə saxlanılması üçün müvafiq tədbirlər görür. Kiçik və orta güclü şirkətlər, istedadlı gənclərdən ibarət start-uplar İKT sektorunda xüsusi aktivlik nümayiş etdirirlər və start-up şirkətlərinin inkişafı və vençur maliyyələşdirilməsi üçün özəl maliyyə mənbələrinin cəlb olunması istiqamətlərində hesabat dövründə ardıcıl işlər görülüb və ilin sonuna qədər təkliflər paketinin hazırlanması nəzərdə tutulur".