"Qan ver, həyat qurtar" şüarı altında könüllü qanvermə aksiyası keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
“Fairmont Baku” mehmanxanasının Azərbaycan Talassemiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində noyabrın 7-də talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi həm cəmiyyətə, xüsusən talassemiya xəstəliyindən əziyyət çəkənlərə yardım etmək, həm də “Fairmont Baku” komandası arasında sosial məsuliyyəti gücləndirmək missiyası daşıyır.
"Qan ver, həyat qurtar" şüarı altında qan bağışlayan potensial donorlar əvvəlcə sağlamlıq sualları ilə bağlı bir anket doldurdular, sonra xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən kiçik bir fiziki müayinə, qan təzyiqi, ürək və anemiya müayinəsindən keçdilər.
Gün boyunca davam edən qanvermə nəticəsində tədarük olunan və yararlı qan nümunələri talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, talassemiya irsi keçən qanazlığı xəstəliyidir. Talassemiyaya tutulmuş uşaq solğun, halsız və iştahasız olur. Müalicə olmadığı təqdirdə bədəndə inkişaf zəif gedir.
Müalicəsi olduqca çətin və bahalı olan talassemiya xəstəliyində hər kəs həyatı boyu 3-4 həftə ərzində bir-iki dəfə qan almaq məcburiyyətindədir.
Talassemiya xəstəliyinə tutulmuş uşaq əgər düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə seçilməyəcəkdir.