ABA-nın prezidenti Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının vitse-prezidenti seçilib
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının vitse-prezidenti seçilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, Şuranın ilk iclasında prinsiplər, iş dili, prezidentin və vitse-prezidentin seçilməsi, icra ofisinin təşkili, icraçı katibin təyini və digər məsələlər müzakirə olunub. Həmçinin iclasda Şuranın prezidenti olaraq Türkiyə Banklar Birliyi İdarə Heyətinin sədri, “Ziraat Bank”ın baş icraçı direktoru və İdarə Heyətinin üzvü Alpaslan Çakar, vitse-prezidenti Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev seçilib, icraçı katibi olaraq isə Türkiyə Banklar Birliyinin baş katibi Ekrem Keskin təyin edilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis olunub. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.