ABA-ya üzv banklar tərəfindən əhalinin həssas qruplarının özünüməşğulluğunun dəstəklənməsi davam edir
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən dəstək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü özünüməşğulluq proqramının genişləndirilməsində bankların da iştirakına şərait yaradıb.
Ümumilli lider Heydər Əliyev ölkədə məşğulluğun artırılmasını, əmək qabiliyyətli əhalinin ictimai işlərə cəlb olunmasını, əmək ehtiyatlarından səmərəli istifadə edilməsini, eyni zamanda, özünüməşğulluğun inkişafını hər zaman diqqət mərkəzində saxlayırdı. Onun qayğısı və diqqəti ilə bu sahədə də çox böyük müsbət dəyişikliklər baş vermiş, kiçik və orta şəhərlər, kənd yerləri də daxil olmaqla ölkədə əlavə iş yerləri yaradılmış, əhalinin məşğulluq səviyyəsi dəfələrlə yüksəlmişdir.
Məşğulluğun artması, özünüməşğulluq layihələrinin genişləndirilməsi indi də dövlət və hökumət orqanlarının qarşısında mühüm bir vəzifə olaraq durur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.
Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, ilkin mərhələdə mart ayı ərzində bu proqramın icrasına ölkədə fəaliyyət göstərən 8 bank qoşulub. Hazırda isə proqrama qoşulan bankların sayı 18-dir. Bu banklar “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Accessbank” QSC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Turanbank” ASC, “Yelo Bank” ASC, “Azərbaycan Sənaye Bankı” ASC, “Azər Türk Bank” ASC, “Bank Avrasiya” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Expressbank” ASC, “Muğanbank” ASC, “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC və“Ziraatbank” Azərbaycan ASC-dir.
Aparılan birgə işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlığa çıxışının dəstəklənməsində əlavə imkanlar yaratmaqdadır.
Bu, eyni zamanda, hazırda koronavirus (COVID-19) pandemiyasının ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə dəstəkdir.
Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar mayın 10-da ABA-ya üzv banklar özünüməşğulluq proqrama cəlb olunmuş vətəndaşlarla növbəti dəfə müvafiq qrant müqavilələri imzalamış və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivləri (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakları) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim ediblər.
Yaxın dövrdə bu proses banklar tərəfindən fəal formada davam etdiriləcək.