Abdulla Şaiqin mənzil-muzeyində şəhid ailələri ilə görüş
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Abdulla Şaiqin mənzil-muzeyində İkinci Qarabağ müharibəsinin ildönümü münasibətilə “Zəfər bizə əmanət” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş vətən oğullarına, onların Azərbaycan xalqına yaşatdıqları Qələbəyə həsr edilib.
Tədbirdə Vətən müharibəsində şəhadətə qovuşanların ailə üzvləri, müharibə veteranları, məktəblilər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan tədbir daha sonra şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
Muzeyin direktoru Ülkər Talıbzadə Vətən müharibəsində canından keçmiş Vətən oğulları ilə bağlı fikirlərini bölüşüb.
Şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını deyən Ülkər Talıbzadə şəhid övladlarına ölkəmizi hər yerdə layiqincə təmsil etməyi, tariximizi unutmamağı və təbliğ etməyi tövsiyə edib: “Zəfəri bizə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bəxş edib. Bu günü 30 ilə yaxın müddətdə gözlədik, igid Azərbaycan oğullarının fədakarlığı sayəsində böyük Zəfəri yaşadıq. Bizim müqəddəs yerimiz şəhidlərimizin məzarlarıdır”.
Aktyor, bədii qiraətçi Kamal Yaşar bildirib ki, torpaqlarımızın işğaldan azad olunması xalqımıza xoş ovqat, sevinc bəxş etdi. Bu Zəfər qəhrəmanlıq salnaməmizdir. Biz övladlarımıza beynəlxalq səviyyəli təhsil verməklə yanaşı, onları vətənpərvərlik ruhda yetişdirməliyik.
Layihə rəhbəri Turan Hüseynov çıxışında gəncləri daim vətənpərvər olmağa çağırıb: “Şəhidlərimizin qanı tökülən torpaqlar onların bizə əmanətidir. Gənclərimiz bu əmanəti göz bəbəyi kimi qorumalıdır”.
Sonda şagirdlərə təşəkkürnamələr verilib.