“Abituriyent” jurnalının 5-ci nömrəsi nəşr edilmişdir
Bakı, 14 may (AZƏRTAC). “Abituriyent” jurnalının 5-ci nömrəsi çapdan çıxmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, jurnalda orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisasların qabiliyyət imtahan komissiyaları üzrə bölgüsü, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapmışdır.
Jurnalın son nömrəsində qeyd edilmişdir ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsi respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ali təhsil müəssisələrinə yerləşdirmə başa çatdıqdan sonra avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaqdır. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları ilə yanaşı (həmin ixtisaslar jurnalın 5-ci nömrəsində təqdim edilmişdir), ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını (bunlar “Abituriyent” jurnalının 7-ci nömrəsində təqdim olunacaqdır) göstərə bilərlər. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar .
Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~lddif