ABŞ-AZƏRBAYCAN ƏLAQƏLƏRİ DURMADAN GENİŞLƏNMƏKDƏDİR
Nazir qeyd etmişdir ki, Azərbaycan-ABŞ münasibətləri bütün sahələr üzrə müəyyən olunmuş proqram üzrə inkişaf edir. Hərbi sahədə əməkdaşlığımız həm ikitərəfli, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına əsaslanır. Biz hazırda NATO ilə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı üzrə əməkdaşlığımızı davam etdiririk və inanıram ki, bu planın bütün müddəaları həyata keçiriləcəkdir. Nazir Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ABŞ-a və Brüsselə səfərləri zamanı dediyi “biz ABŞ və NATO ilə əməkdaşlığımızı davamlı surətdə inkişaf etdirəcəyik” sözlərini xatırlatmışdır.
General-polkovnik Səfər Əbiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirmişdir ki, bu münaqişənin həll edilməməsi Azərbaycan-ABŞ və Azərbaycan-NATO hərbi əməkdaşlığının intensiv şəkildə inkişafına maneə törədir. O, ABŞ dövlətinin münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi öz fəaliyyətini daha da gücləndirməsini arzulayaraq demişdir ki, əgər ABŞ bunu etsə, münaqişə tezliklə həll edilə bilər. S.Əbiyev “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin qüvvəsinin tam ləğv edilməməsinin də Azərbaycan-ABŞ əməkdaşlığını məhdudlaşdırdığını xüsusi qeyd etmişdir.
C.Makduqal söyləmişdir ki, hazırda ABŞ-Azərbaycan münasibətləri durmadan genişlənməkdədir. O, 907-ci düzəliş haqqında S.Əbiyevin dedikləri ilə razılaşaraq qeyd etmişdir ki, doğrudan da bu sənədin müddəaları bizim əməkdaşlığımızı məhdudlaşdırır. Buna görə də biz əməkdaşlıq proqramımızı yalnız bir il müddətinə planlaşdırırıq. Prezident Buş qeyd etmişdir ki, o, prezidentlik müddətində 907-ci düzəlişin tam ləğvinə nail olacaqdır. Biz də bu fürsətdən istifadə edərək Azərbaycan-ABŞ əməkdaşlığını bütün sahələrdə gücləndirməliyik. Bu platformadan geri çəkilmək ABŞ dövlətinin xeyrinə olmazdı. Biz 907-ci düzəlişin tam ləğvi üçün əlimizdən gələni edirik. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli bizim də maraqlarımıza cavab verir. Çünki münaqişənin həlli 907-ci düzəlişin tam qüvvədən düşməsini təmin edəcəkdir. Biz Azərbaycan dövləti ilə daha geniş strateji əməkdaşlıq etməkdə maraqlıyıq.
O, ABŞ-la birlikdə beynəlxalq terrorizmə qarşı mübarizədə və sülhməramlı əməliyyatlarda iştirakına görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkür edərək bildirmişdir ki, biz bundan sonra daha geniş əməkdaşlıq fəaliyyətinə başlayacağıq.
Görüşdə tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders, Oklahoma Ştatının Milli Qvardiyasının komandanı, general-mayor Harri Vyatt və ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Strateji Planlaşdırma və qiymətləndirmə idarəsinin direktor müavini, briqada generalı Merlin Spiz iştirak etmişdir.