ABŞ AZƏRBAYCANLA TÜRKMƏNİSTAN ARASINDA SƏMİMİ DİALOQ VƏ ƏMƏKDAŞLIĞIN BAŞLANMASINI TƏQDİR EDİR
AZƏRTAC xəbər verir ki, bunu sənaye və energetika naziri Natiq Əliyevlə görüşündə ABŞ Dövlət Departamentinin Avrasiya Enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənn bəyan etmişdir.
Görüşdə enerji təhlükəsizliyi məsələləri geniş müzakirə edilmiş, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli, bu istiqamətdə birgə əməkdaşlıq məsələləri, son vaxtlar dünyada neft və qazın qiymətində baş verən kəskin artım tendensiyası və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Natiq Əliyev dünya birjalarında neftin qiymətinin kəskin şəkildə artmasından yarana biləcək problemlərə toxunmuş, qeyd etmişdir ki, Azərbaycan bu tendensiyanın qarşısının alınması və qiymətin formalaşmasının optimal mexanizimlərinin qəbul edilməsinə daim səy göstərir.
Stiven Mənn ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Boyden Qreyin Azərbaycana rəsmi səfəri barədə məlumat verərək bildirmişdir ki, rəsmi Vaşinqton Orta Asiyanın zəngin karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli istiqamətində danışıqların intensivləşdirilməsinə çalışır. Stiven Mənn son vaxtlar Azərbaycanla Türkmənistan arasında səmimi dialoq və əməkdaşlığın başlanmasını təqdir edərək münasibətlərin daha da genişlənməsi üçün ABŞ hökumətinin də müvafiq addımlar atdığını bildirmişdir. Qeyd etmişdir ki, onun ölkəsi Türkmənistan hökuməti ilə fəal işləyir. ABŞ çalışır ki, bu ölkə özünün qaz ehtiyatlarının nəqlini diversifikasiya edərək “Nabukko” kəməri layihəsinin həyata keçirilməsində fəal iştirak etsin.
Natiq Əliyev də öz növbəsində Azərbaycanla Türkmənistan arasındakı əlaqələrin inkişaf etdiyini məmnunluqla vurğulamış, məlumat vermişdir ki, bu il sentaybrın 9-dan 11-dək Bakıda Azərbaycan-Türkmənistan birgə sərgisi və konfransı keçiriləcəkdir. Nazir Stiven Mənni sərgi və konfransın açılış mərasimində iştirak etmək üçün Bakıya səfərə dəvət etmişdir.
Yeri gəlmişkən, bu konfransın keçirilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalamışdır. Həmin tədbirlərə Azərbaycan və Türkmənistanda çalışan xarici neft şirkətləri dəvət olunmuşlar.
Natiq Əliyev qeyd etmişdir ki, sərgi və konfransdan sonra Azərbaycanla Türkmənistan arasında neft-qaz sahəsində əməkdaşlığın yeni istiqamətləri müəyyənləşə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.