ABŞ-DA 11 SENTYABR HADİSƏLƏRİ QURBANLARININ XATİRƏSİ BAKIDA YAD EDİLMİŞDİR
Birləşmiş Ştatların ölkəmizdəki səfiri xanım Ann Ders bildirmişdir ki, beş il əvvəl terrorçular törətdikləri əməllə sivilizasiyaları qarşı-qarşıya qoymağa çalışdılar. Amma onlar buna nail ola bilmədilər. Müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərə etiqad edənlər bu zorakılığı pislədilər.
Terror aktının 90 ölkədən 3 minə yaxın adamın həyatına son quyduğunu vurğulayan səfir, həmin hadisədən sonra mütərəqqi ölkələrin bəşəriyyətə qarşı yönəlmiş bu bəlaya qarşı birləşdiyini söyləmişdir. Terrora qarşı qlobal mübarizədə Azərbaycanın rolunu xüsusi qeyd edən A.Ders, göstərdiyi dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirmişdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 5 il əvvəl baş vermiş hadisələrin terrorun nə qədər dəhşətli olduğunu göstərdiyini demişdir. Həmin hadisələr terrora qarşı birgə mübarizə aparmağın vacibliyini bir daha sübut etdi.
Terrorçu ermənilərin Azərbaycana qarşı onlarla terror aktı həyata keçirdiyini qeyd edən Z.Əsgərov, Azərbaycan xalqının terrorun nə demək olduğunu yaxşı bildiyini diqqətə çatdırmışdır. Elə bu səbəbdən 2001-ci ildə Nyu-Yorkda törədilmiş hadisələrdən sonra ümummilli liderimiz Heydər Əliyev dərhal bəyanat verərək, terrora qarşı mübarizədə Azərbaycanın ABŞ-a hər cür dəstək verməyə hazır olduğunu bildirmişdir.
Beynəlxalq ictimaiyyət adından çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Borsotti Nyu-Yorkda törədilmiş həmin terror aktının təkcə bir şəhərə, bir dövlətə deyil, bütün bəşəriyyətə ünvanlandığını söyləmişdir. O, bütün dövlətləri terrora qarşı birgə mübarizə aparmağa çağırmışdır.
Tədbir 11 sentyabr hadisələrinin qurbanlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başa çatmışdır.