ABŞ-DA KONQRESƏ YENİ ÜZVLƏR SEÇİRLƏR
Virciniya ştatında seçki məntəqələri digər ştatlardan bir saat tez - səhər 6-da açılmışdı. Arlinqton dairəsinin Avrora Hills məntəqəsində ilk iki saat ərzində artıq 100-cü seçici səs vermişdi. Məntəqə seçki komissiyasının sədri Barbara Harper deyir ki, burada elektron səsvermə tətbiq edilir. Məntəqəyə iki-iki buraxılan seçicilər şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra səsvermə maşını arxasına keçirlər. Monitorda namizədlərin adları yazılmışdır. Seçicilər istədikləri namizədin adına barmaqla toxunmaqla səs verirlər. Səslər kompyuterin yaddaşında elektron variantda, eyni zamanda, kağızda çap olunmaqla yığılır. Günün sonunda onlar seçici siyahısı ilə tutuşdurularaq hesablanır.
Səhər saatlarında səs vermək üçün gələn Ketrini, əsasən, iqtisadi vəziyyət narahat edir. O deyir ki, səs verərkən namizədlərin platformasında yerli biznesin inkişafına səbəb olacaq təşəbbüslərə diqqət yetirmişəm.
Tələbə Censon Greni isə xarici siyasət maraqlandırır. O deyir ki, beynəlxalq imicimizdən razı deyiləm, hazırkı administrasiya siyasətində dəyişikliklər etməlidir.
Şimali Virciniyada seçici fəallığı gözlənildiyindən çoxdur. Ölkə üzrə səsvermədə seçicilərin 40-45 faizinin iştirakı proqnozlaşdırılır. Təhlilçilərin fikrincə, namizədlərin əl atdığı qara piar seçiciləri qıcıqlandıraraq, səsvermədən kənarlaşdırır. Seçici Ceff Qruv deyir ki, namizədlərin bir-birinə ləkə yaxmasından təəssüflənirəm. Amma, aydındır ki, bir namizəd qara piara əl atanda, o birisi məcburən cavab verməlidir.
Seçkilərə qalan son günü siyasi düşərgələr bir-birini gözdən salmaq üçün istifadə etmişdilər. Kampaniyaların bir nömrəli mövzusu İraqda müharibə idi. Demokratlar qələbə qazansalar, İraq strategiyasında dəyişikliklər vəd edir, respublikaçılar isə seçiciləri müharibə vaxtlarında demokratlara etimad göstərməməyi tövsiyə edirdilər.
Sorğular noyabrın 7-də Konqresin Nümayəndələr palatasında demokratların üstünlük əldə edəcəyini proqnozlaşdırır. Senatdakı siyasi qüvvələrin nisbətini müəyyənləşdirmək üçün isə, amerikalılar həyəcanla nəticələri gözləyəcəklər.