ABŞ-ın Merilend ştatında “Azərbaycanı – texnoloji investisiyalar sahəsində imkanları təqdim edirik” mövzusunda təqdimat olmuşdur
Vaşinqton, 26 oktyabr (AZƏRTAC). ABŞ-ın Merilend ştatında “Azərbaycanı - texnoloji investisiyalar sahəsində imkanları təqdim edirik” mövzusunda tədbir olmuşdur. Tədbir Montqomeri dairəsinin İqtisadi İnkişaf Departamentinin və Elizarov Məsləhət Qrupunun (EGG) köməyi ilə Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuşdur.
Montqomeri dairəsinin İqtisadi İnkişaf Departamenti nəzdində biznesin mənimsənilməsi mərkəzinin meneceri Ceri Qodvinin region barədə giriş nitqindən və EGG şirkətinin prezidenti Yakov Elizarovun çıxışından sonra ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova Azərbaycanın sürətlə inkişaf edən texnoloji bazarı barədə təqdimatla çıxış etmişdir. S.Sadıqova müxtəlif İKT şirkətlərinin nümayəndələri ilə kosmik texnologiyalar, biznes analitikası, kibercinayətkarlıqdan müdafiə sistemləri sahəsində və digər sahələrdə perspektivləri müzakirə etmiş, bunun faydalarının potensial sərmayədarların diqqətinə çatdırmışdır. O, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Yüksək Texnologiyalar Parkı, Transavrasiya İnformasiya Magistralı, “Azerspace-1” və s. kimi iri layihələr barədə auditoriyaya məlumat vermişdir. Sonda ABŞ-Azərbaycan Ticarət Palatasının direktoru suallara cavab vermişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton