ABŞ KONQRESİ NÜMAYƏNDƏLƏR PALATASININ SƏDRİ DENNİS HASTERT İLƏ GÖRÜŞ
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Konqresin binasında Nümayəndələr palatasının sədri Dennis Hastert ilə görüşmüşdür.
Ali qonağı böyük hörmətlə qarşılayan cənab Hastert bu səfərin onlarda yeni təəssürat yaratdığını, ABŞ-da Azərbaycana olan marağın daha da artdığını vurğulayaraq bildirdi ki, ölkələrimiz arasında qanunvericilik sahəsində də əməkdaşlığın inkişafı vacibdir və bu istiqamətdə səylər davam etdirilməlidir.
Prezident İlham Əliyev Birləşmiş Ştatlara səfərinin böyük əhəmiyyət daşıdığını, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm işlərin görülməsində yeni mərhələ olacağına əminliyini bildirdi.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlığın bir çox sahələri, qlobal enerji layihələri, regional təhlükəsizlik və digər məsələlər barədə fikir mübadiləsi oldu.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da ABŞ-ın tanınmış “Foks Nyus” televiziya kanalına müsahibə verdi.