ABŞ KONQRESİNDƏKİ AZƏRBAYCAN ÜZRƏ QRUPA 42-Cİ ÜZV QOŞULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 7-də ABŞ Konqresinin üzvü Robert Uitman Nümayəndələr Palatasında Azərbaycan üzrə işçi qrupuna qoşulduğunu elan etmişdir. Amerikanın ali qanunverici orqanında Virciniya ştatını təmsil edən respublikaçı konqresmen Konqresdəki Türkiyə üzrə işçi qrupunun da üzvüdür.
Konqresmen Uitman bu haqda qərarı Virciniya ştatının sakinləri Nəimi və Nailə Əmirəliyevlər və onların dünyaya yeni gələn oğlu Kamalla keçirdiyi görüşdən sonra qəbul etmişdir. Robert Uitmanla söhbət zamanı diasporumuzun üzvləri ona Virciniyada yaşayan türkdilli seçicilərin artan fəallığı, həmçinin Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq əlaqələri haqda ətraflı məlumat vermişdilər. Həmvətənlərimiz konqresmenə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün təcavüzkar qonşu dövlət tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq pozulduğu haqda danışmışdılar.
Nəimi Əmirəliyevin AZƏRTAC-a bildirdiyinə görə, görüşdə konqresmen işğal edilmiş torpaqlarımızı əks etdirən xəritə ilə tanış olmuş, Azərbaycanın Rusiya, İran, İsrail və bölgədəki digər nüfuz ölkələrlə münasibətləri ilə maraqlanmışdır. Nəimi Əmirəliyev demişdir: “Robert Uitman Azərbaycan barədə çox az məlumata malik idi. Lakin söhbətimizin sonunda o, Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki artan rolu, ölkənin keçdiyi inkişaf yolundan çox təəssüratlanmışdır. Bu, bir daha nümayiş etdirir ki, ABŞ-da yaşayan icmamız fəal olduğu təqdirdə, konqresdə Azərbaycanın dostlarının sayı xeyli arta bilər.”
######
