ABŞ KONQRESİNİN ÜZVLƏRİ ÖLKƏLƏRİMİZ ARASINDA ƏLAQƏLƏRİN SƏVİYYƏSİNDƏN MƏMNUNDURLAR
Konqres üzvləri eyni ruhlu bəyanatlarında vurğulamışlar ki, ABŞ-Azərbaycan əlaqələri 1991-ci ildə ölkəmiz müstəqillik qazanandan sonra qurulsa da, strateji tərəfdaşlıq səviyyəsinə 2001-ci ilin 11 sentyabrından sonra qalxmışdır. Azərbaycan terrorla müharibədə ABŞ-a qeyd-şərtsiz dəstək verən ilk dövlətlərdən biri olmuşdur. Azərbaycan geostrateji mövqeyi ilə Amerikanın dəyərli müttəfiqi və tərəfdaşına çevrilmişdir. Azərbaycan İraqa hərbçilər göndərən ilk müsəlman dövlətidir, ABŞ və Azərbaycan əsgərləri Kosovo və Əfqanıstanda da çiyin-çiyinə fəaliyyət göstərirlər. Azərbaycan və ABŞ bir sıra beynəlxalq və regional təşkilatlar - BMT, ATƏT, NATO, GUAM çərçivəsində əməkdaşlıq edir.
Xanım Eddi Bernis Conson bildirmişdir ki, hazırkı qlobal siyasi şəraitdə dünyanın ilk demokratik müsəlman respublikası kimi Azərbaycan demokratiyalar arasında nadirdir. Ölkəmizdə demokratik cəmiyyət quruculuğundakı irəliləyişi etiraf edən Robert Ueksler isə, bununla yanaşı, hökuməti siyasi plüralizmin genişləndirilməsi, demokratik təsisatların gücləndirilməsi üçün əlavə addımlar atmağa çağırmışdır.
Konqres üzvləri vurğulamışlar ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycan iddialı iqtisadi siyasəti ilə seçilir. Son onillikdə Azərbaycan struktur islahatları və çoxsaylı hüquqi və qanunverici dəyişikliklər həyata keçirərək, qlobal iqtisadiyyata daha geniş inteqrasiyaya yol açıb, əhalisinin sosial ehtiyaclarını ödəmək üçün iqtisadiyyatını şaxələndirməkdədir. Xəzər hövzəsindəki enerji ehtiyatlarının işlənilməsi və dünya bazarına nəqlində əsas tərəfdaş olan Azərbaycan bölgəyə Qərbin, xüsusilə də Amerikanın sərmayə yatırımını təşviq edir.
Eddi Bernis Conson Beynəlxalq Valyuta Fondunun hesabatından faktlar gətirərək demişdir ki, Azərbaycanın makroiqtisadi göstəriciləri güclü artımı və inflyasiyanın aşağı səviyyəsi ilə yaxşı təəssürat doğurur. Azərbaycan hökuməti üçün qeyri-neft sektorunu inkişaf etdirmək prioritet siyasətdir. Bu siyasət fərdi sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradan layihə və proqramları, qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsini, yeni iş yerlərinin yaradılmasını, potensial bazarların tapılmasını, infrastrukturun inkişafını əhatə edir.
Konqres üzvləri bu qənaətdədirlər ki, demokratik, firavan və ictimai-siyasi baxımdan sabit Azərbaycan ABŞ üçün güclü tərəfdaş və müttəfiq olacaqdır. Eddi Bernis Conson və Robert Ueksler ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi üçün Azərbaycan hökuməti və xalqı ilə birgə işləməyə ümid bəslədiklərini bildirmişlər.