ABŞ SENATININ XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİNİN SƏDRİ RİÇARD LUQARIN ÇIXIŞI
Hörmətli nümayəndə heyəti və millət vəkilləri!
ABŞ Konqresinin üzvləri!
Xanımlar və cənablar!
Bu gün dostluq, irəliləyiş və ideallarımızın əldə olunmasını qeyd etmək, eləcə də Azərbaycan və Birləşmiş Ştatların vətəndaşlarının yaşadığı böyük nailiyyətlərlə dolu həyat haqqında birgə düşünmək məqsədi ilə sözün əsil mənasında, çox önəmli bir fürsətdir.
Mən Azərbaycan vətəndaşlarının qonaqpərvərliyinə, keçmiş Prezidentin və hazırkı Prezidentin mənim ünvanıma söylədikləri sözlərə hər zaman minnətdarlıqla yanaşmışam. 1990-cı illərin ortalarında Azərbaycana etdiyim ilk səfərlər on il sonra baş verəcək inkişafla bağlı məndə gələcəyə ümid yaratmışdı. Lakin bu ümid uzaq görünən perspektivdə idi. Burada Ceyms Beykerin dediyi kimi, mən və senator Obama 2005-ci ildə Azərbaycanda “Britiş Petroleum” şirkətinin platformasında dayanaraq, Bakı buxtasının gözəlliyini seyr etmək imkanı əldə etdik və səkkiz yüz mil məsafə keçən boru kəməri ilə neftin uzaq bazarlara çıxarıldığını gördük. Bu səfər Azərbaycanın nəinki gözəçarpan inkişafını müşahidə etmək, həm də ölkəmizin və bütün dünyanın enerji təhlükəsizliyi haqqında konstruktiv şəkildə düşünmək imkanını yaratdı. 8 milyonluq əhalisi olan və gələn illər ərzində daha böyük inkişafa nail olacaq, eləcə də bir çox vətəndaşlarının rifahı naminə böyük işlər görəcək ölkənin gələcək taleyi haqqında fikir mübadiləsi aparmaq bizim üçün önəmli idi.
Mən bütün bunları ona görə xatırladıram ki, bizim Prezident Əliyevlə keçirdiyimiz ilk görüşümüz zamanı o, vacib bəyanatla çıxış etdi. O, bizim gələcəkdə neftdən əldə olunacaq yeni gəlirlərin və təbii qazın satışından qazanılacaq vəsaitlərin hansı şəkildə istifadə olunacağı ilə bağlı suallarımızı cavablandırdı. Prezident Əliyev Norveç modelini misal gətirdi. Azərbaycanın zəngin təbii yataqlarından əldə olunan gəlirlərin düşünülmüş formada, belə bir xüsusi məkanda dünyaya göz açacaq nəsillərin gələcəyi üçün sərf edilməsinə sadiqlik vurğulandı. Mən bu sözləri çox ciddi qəbul etdim. O, bunları məndən də ciddi şəkildə vurğuladı. 2005-ci ilin sentyabr ayında keçirdiyimiz görüş zamanı Prezident geniş və böyük planları barədə olduqca düşünülmüş formada danışdı. Biz ölkənin səhiyyə xidmətləri, uşaqlara təhsilin təmin edilməsi, infrastrukturun qurulması, malların daşınması və insanların ölkə daxilində hərəkəti üçün yolların çəkilməsi kimi əsas xidmət sahələri haqqında söhbət etdik. Biz vətəndaşların ölkənin həyatında iştirakı barədə danışdıq. Təhsil imkanlarını da müzakirə etdik. Azərbaycan tələbələrinin Birləşmiş Ştatlara, habelə dünyanın digər ölkələrinə təhsil almaq, yeni fürsətlər əldə etmək, onları həvəsləndirmək və təhsillərini bitirdikdən sonra ölkənin xalqına xidmət göstərmələri məqsədi ilə Azərbaycana qayıtmaq üçün səfərlərini mümkün edəcək tələbə təqaüdlərinin verilməsi ilə bağlı çox gözəl fikir bəyənildi.
Bakı şəhərinin özündə gözəçarpan təkmilləşdirmə işləri ilə bağlı hərtərəfli planı müzakirə edən Prezidentin bu barədə söylədiyi fikirlərini eşitməkdən məmnun olduq. Həmin vaxt mən dedim ki, ölkənizə etdiyim ilk səfərim zamanı ötən əsrdən qalan neft biznesinin qalıqlarını gördüm və bu qalıqların təqribən üç milyon insanın yaşadığı şəhərin mərkəzi yerlərində və kənarda, bəzi hallarda neft ilə qarışıq su, digər tullantılar formasında olduğunu bildirdim. Bunun, sözün əsil mənasında, ekoloji bir faciə olduğunu söylədim. Prezident bu sözlə razılaşdı və dedi ki, bu məsələ onu daim düşündürür və onun gündəliyində durur. Mən bunu ona görə xatırladıram ki, eyni məsələni Bakı və Prezidentin planları barədə lazımi şəkildə xəbəri olan beynəlxalq neft şirkətlərinin rəhbərləri və digər biznes dairələri ilə də müzakirə etmişəm. Lakin, səmimi desək, onlar heç bilmirdilər ki, Prezidentin ətraf mühit və sağlamlıq şəraitinin kəskin şəkildə dəyişdirilməsi ilə bağlı planları bu dərəcədə geniş və əhatəlidir. Bu planlarda tarixən qalmış tullantıların təmizlənməsi ilə yanaşı, yeni çirklənmənin qarşısının alınması da nəzərdə tutulur.
Mən Azərbaycan Prezidentinin böyük arzu və maraqla Birləşmiş Ştatlara səfər etdiyini müşahidə etdim. O, buraya yaxşı xəbərlərlə gəlmişdi. Prezident Əliyev, eyni zamanda, öz amerikalı dostları ilə geniş söhbət aparmaq üçün səfər etmişdi. O, bizə ölkənin təhlükəsizliyi barədə danışdı. Azərbaycan dünyanın çətin və təhdid dolu coğrafi məkanında yerləşir. Burada nəhəng təbii sərvətlər və resurslar var.
Mən 2005-ci ildə “Britiş Petroleum” şirkətinin vertolyotu ilə dənizdə qazma əməliyyatları aparılan neft platformasına gəldim və oradakı vəziyyəti öyrəndim. Aparılan qazma işlərinin texniki tərəfini, digər qazma qurğularını öyrənməyə, eləcə də neft və qaz ehtiyatlarını dənizin dibində aşkar edən “geoloji şəkillərin çıxarılması” adlanan texnologiya ilə tanış olmağa və təbii qazı çıxaran paralel boruları görməyə çalışdım. Bu ölkənin təbii qazı Tbilisiyə, Gürcüstana və sonra isə Türkiyəyə çatdırılacaqdır. Bu məqsədlə görüləcək təhlükəsizlik tədbirləri barədə eşitdim. Türkiyə tərəfinin bu məsələyə münasibətini öyrəndim və anladım ki, bütün bu işlər həmin üç ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Mən Qazaxıstana səfər etdiyim zaman boru kəmərinin Xəzər dənizinin dibi ilə çəkilməsinin və Bakı ilə birləşdirilməsinin vacibliyini söylədim. Hesab etdim ki, belə olan halda, Bakı-Tbilisi-Ceyhan boru kəməri həm Qazaxıstana, həm də Azərbaycan, Gürcüstan və Türkiyəyə əlavə təhlükəsizliyi təmin edəcəkdir. Bu, Avropaya da aiddir. Bütün bunlar bu axşam toplaşdığımız mərasimdə xatirimə gələn fikirlərdir. Çünki biz nəinki olduqca mühüm yeni fürsət və imkanları, habelə inkişaf edən ölkənin Prezidentinin, onun parlamentinin bütün dünya və öz vətəndaşları naminə vacib planlarını qeyd edirik.
Prezident Əliyevin dediyi kimi, Azərbaycanda bir il ərzində ümumi daxili məhsulun real artımı 34 faizdən çox olmuşdur. Təbii ki, bu rəqəm ölkənizin əldə edəcəyi son nəticə demək deyildir. Yalnız bir neçə ölkə belə artıma nail ola bilmişdir. Bir çoxları bu cür səviyyəni heç vaxt əldə etməmişlər. Adətən, 8, 9 və ya 10 faiz real artıma nail olmuş ölkələr bu baxımdan xüsusi misal kimi göstərilir. Dövləti idarə etmək qabiliyyəti və bacarığı olmayan halda, bütün bunlar uzun çəkmir.
Mən demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində azərbaycanlıların göstərdiyi səyləri alqışlayıram. Bu, beynəlxalq ictimaiyyət arasında müzakirə mövzusu olmuşdur. 2005-ci ildə senator Obama ilə səfərim zamanı biz seçki proseslərini, namizədlərin qeydiyyata alınmasını izlədik. Biz yüzlərlə insanın arzu və istəklərini öyrənməyə çalışdıq. Mən seçki haqqında bir neçə söz söyləmək istəyirəm. Azərbaycana gəldikdə, bu, istənilən sürətlə irəliyə doğru addımlar atmaq baxımından asan bir proses deyildir. Keçmişdə səhvlər və çətinliklər də olmuşdur. Vaşinqtona səfər edən Prezident Əliyev onların əksər hissəsini qəbul etmiş və səhvlərin aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə məlumat vermişdir.
Mən bütün bunları ona görə deyirəm ki, demokratik təsisatların inkişaf etdirilməsi ölkənin tərəqqisi və resurslardan müdrik şəkildə istifadə üçün çox vacibdir. Bu mövzu burada, Vaşinqtonda diqqət mərkəzində olaraq qalır. Eyni zamanda, nəhəng enerji resursları və inkişaf məsələləri apardığımız danışıqların vacib tərəfini təşkil edir. Lakin bu gün həmçinin o faktı da qeyd edirik, hər iki ölkədə biz xalqın, hər bir vətəndaşın arzuları və imkanları haqqında çox səmərəli şəkildə düşünürük. Tələbə təqaüdləri, biznes və ticarət əlaqələri, musiqi və incəsənət sahəsində əməkdaşlığa dair təcrübəmizlə bölüşməliyik.
Mən Azərbaycana və xüsusən də, iki ölkə arasındakı dostluğa olan marağımı sadəcə ifadə etmək üçün yaradılmış bu fürsətə görə minnətdaram. Çox sağ olun.
CEYMS BEYKER: Senator Luqar, çox sağ olun.
Xanımlar və cənablar, indi isə mən ABŞ-Azərbaycan Ticarət Palatasının “Azadlığın dəstəklənməsi” mükafatını senator Luqara təqdim etməkdən məmnunluğumu bildirmək istəyirəm. ABŞ-Azərbaycan Ticarət Palatasının “Azadlığın dəstəklənməsi” mükafatı Azərbaycanda müstəqilliyə, sülhə, demokratiyaya, şəxsi azadlıqlara və iqtisadi inkişafa böyük töhfə vermiş şəxslərə verilir. Bu sahəyə töhfəsinə görə bu axşam həmin mükafatın senator Luqara təqdim edilməsindən olduqca məmnunam.
RİÇARD LUQAR: Mən, adətən, mükafat qəbul edəndə dediyim sözlər qısa olur. Sadəcə, ən səmimi minnətdarlığımı və xoş sözlərimi bildirmək istəyirəm. Mən badəni ABŞ-Azərbaycan Ticarət Palatasının 10 illiyi münasibətilə qaldırır, sizə qarşıdakı uzun illər ərzində bir çox xoş arzularımı çatdırıram. Sağ olun.
CEYMS BEYKER: İndi isə mən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı təqdim etmək istəyirəm. O, qısa nitqlə çıxış edəcək və sonra isə ona mükafatın verilməsi mərasimi olacaqdır.
Xanım Əliyeva mədəniyyətlə maraqlanır və mərhəmətli fəaliyyətlə məşğuldur. 1988-ci ildən 1992-ci ilə qədər o, Moskvanın Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyibdir. 1995-ci ildə xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır və hazırda ona rəhbərlik edir. 1996-cı ildə o, Azərbaycan, ingilis və rus dillərində çıxan “Azərbaycan-İrs” adlı mədəniyyət-tarix jurnalı təsis etmiş və həmin jurnalın baş redaktoru olmuşdur. 2002-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti seçilmişdir. Onun bu sahədə apardığı fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyasının 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatını Azərbaycanda keçirmək qərarı ilə nəticələnmişdir.
Eyni zamanda, o, 2004-cü ildə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir. Elə həmin ildə şifahi və musiqi ənənələrinin təşviq olunması üzrə YUNESKO-nun xoşməramlı səfiri təyin edilmişdir. Həmin ilin sonunda Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, öz xeyriyyə işlərinə görə “Əsrlərin xeyriyyəçiləri” beynəlxalq fondunun Yaqut Xaç ordenini almış ilk qadındır. Eyni zamanda, 2004-cü ildə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilmişdir. Millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, bir çox xeyriyyə və mədəniyyət təşkilatlarının sədri kimi onun, demək olar ki, heç boş vaxtı qalmır. Lakin bütün bu işlərdən əlavə, onun ən vacib işi 1983-cü ildən etibarən başlamışdır. Həmin vaxtdan o, öz həyat yoldaşı, indiki Prezident Əliyev ilə ailə qurmuşdur. İndi isə mən məmnuniyyət hissi ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təqdim edirəm.