Abşeron rayon Mərkəzi Kitabxanasının əməkdaşları “5+” Tədris və İnkişaf Mərkəzində olublar
Bakı, 22 fevral, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mərkəzi Kitabxanasının əməkdaşları “5+” Tədris və İnkişaf Mərkəzində olublar.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Kitabxananın əməkdaşı Səbinə Məmmədova uşaqları kitabxananın nağıl kitablarından ibarət “Mənim sehrli dünyam” adlı sərgi ilə tanış edib. Uşaqların sevdiyi nağıllardan bir neçəsini kitabxananın əməkdaşı Nərgiz Əhmədova onlar üçün səsləndirib.
Tədris mərkəzinin müəlliməsi Valeriya Əsgərovanın rəhbərliyi altında uşaqlar təşəkkür əlaməti olaraq “Teremok” nağılının tamaşasını canlandırıblar.
Sonra tədris mərkəzinin direktoru Nənəxanım Əliyeva çıxış edərək bildirib ki, nağıl kitabları uşaqların psixoloji inkişafına müsbət təsir göstərir, ünsiyyət bacarıqlarının artmasında önəmli rol oynayır. O, təşəbbüs üçün Mərkəzi Kitabxana kollektivinə və rəhbərliyinə öz təşəkkürünü bildirib və bu kimi maarifləndirici tədbirlərin davamlı olmasını arzu edib.
Sonda uşaqlara test kitabçaları paylanılıb və xatirə şəkilləri çəkilib.